Fəaliyyət yüksək qiymətləndirilib


Baxıldı : 145

Tarix : 2018-12-22 06:38:30


 

Dekabrın 18-19-da Hindistanın Mumbai şəhərində İndustriALL Qlobal İttifaqının təşkilatçılığı ilə rezin sənayesi  işçilərinin həmkarlar ittifaqı təşkilatının toplantısı keçirilib. Asiya, Okeaniya, Amerika və Avropadan 15 ölkənin 50-dən çox  nümayəndəsinin qatıldığı tədbirdə Dünya Rezin Konfransında  qəbul edilmiş “Fəaliyyət Planı”nın həyata keçirilməsi, əldə olunan irəliləyişlər müzakirə olunub. İştirakçılar müxtəlif  ölkələrdə davam edən münaqişələr barədə məlumat aldılar. Yığıncaqda, həmçinin “Goodyear” şirkətinin İspaniyadakı filialından  və “Bridgestone” şirkətinin İndoneziyadakı filialından 6 həmkarlar ittifaqı fəalının  işdən azad olunması məsələsinə baxılıb.

Toplantıda rezin sənayesinin son illərdə inkişafı təhlil edildi. “Bridgestone”, “Michelin”, “Goodyear”, “Continental”, “Sumitomo” və “Pirelli” şirkətlərinin təcrübələri qiymətləndirildi.  Bildirildi ki, dünyanın öndə gələn təkər istehsalçı şirkətləri son bir ildə müəssisələrin sayına və istehsalın artırılmasına ümumilikdə 7,5 milyard ABŞ dolları xərcləyiblər. Buraya yeni istehsal müəssisələrinin açılması və fərqli sektorlara aid şirkətlərin satın alınması daxildir.

Tədbirdə, həmçinin rezin istehsalı olan ölkələrdə sənayenin son illər qazandığı uğurlar və həmkarlar təşkilatlarının fəaliyyəti yüksək qiymətləndirilib. Tailandda bu sektorda çalışan işçilərin hüquqlarının müdafiəçisi olan 11 həmkarlar ittifaqı təşkilatının yaranması və gördüyü işlər  barədə  məlumat verilib. Eyni şəkildə 2011-ci ildən Hindistanda  rezin istehsalı sənayesinin genişlənməsi və beynəlxalq şirkətlərin burada zavodlarının fəaliyyətə başlaması ilə İndustriALL Qlobal İttifaqı yerli həmkarlar təşkilatlarının üzvlərinin sayının artmasına və şirkətlərlə qarşılıqlı əlaqələrin yaranmasına xüsusi diqqət ayırdı. Tərəflər arasında müştərək müqavilələr imzalandı. 2019-cu ildə də İndustriALL-ın təşkil edəcəyi Beynəlxalq Rezin Konfransı da Hindistanın Mumbai şəhərində keçiriləcək.

Toplantıda “Michelin” şirkəti ilə münasibətlərin gücləndirilməsi üçün  komitə yaradıldı. İştirakçılar, həmçinin texnoloji yeniliklərin rezin sektoruna da tətbiqini müzakirə etdilər. Bu yöndə “Goodyear”, “Pirelli” və “Michelin” şirkətlərinin son texnoloji məhsullarının keyfiyyəti və texnoloji üstünlükləri barədə məlumatlar verildi.