Fəaliyyətimizin daimi, vacib istiqaməti


Baxıldı : 462

Tarix : 2019-04-05 18:34:40


İttifaq üzvlərinin sağlamlığının qorunmasına nail olmaq Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və onun struktur təşkilatlarının fəaliyyətinin daimi, vacib istiqamətlərindədir. Respublika Komitəsi bu məqsədlə Əmək Məcəlləsinin, “Həmkarlar ittifaqları haqqında” qanunun müvafiq tələblərini rəhbər tutaraq hər ilin başlanğıcında tədbirlər planı hazırlayıb icra edir. Tədbirlər planı əhatə dairəsinə görə çox genişdir. Bura peşə xəstəliklərinin qarşısının alınması, sanitar-məişət otaqlarının, istismarda olan avadanlıqların, texnoloji proseslərin texniki təhlükəsizlik qaydalarına uyğunluğunun təminatına, zərərli və yüksək təhlükəli işlərdə çalışanların vaxtaşırı təlimatlandırılmasına, işçilərin tibbi müayinədən keçirilməsinə, bədbəxt hadisələrdən sosial sığortasına və sairə nəzarət daxildir.

Nəzarət müxtəlif formalarda aparılır. Bunlardan biri də əməkdaşlarımızın Bakıda və bölgələrdə yerləşən sahə müəssisələrinə ezam edilməsidir. Ötən il Respublika Komitəsinin texniki əmək müfəttişi və əməyin hüquq müfəttişi birlikdə Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy telefon kabel qovşaqlarında və poçt filiallarında olmuşlar. Orada işçilərin əməyinin və sağlamlığının mühafizəsi, təhlükəsizliyinin təmin olunması, ümumi əmək şəraitinin yaxşılaşdırılması sahəsində işəgötürənlərin və həmkarlar ittifaqı komitələrinin gördüyü işləri yoxlamışlar.

Həmçinin 2018-2019-cu illərin payız-qış mövsümü ilə əlaqədar ”BTR” MMC, ”Aztelekom” MMC, ”Azərpoçt” MMC, ”Teleradio” İB və Dövlət Radio Tezliklər İdarəsi, ümumilikdə 43 müəssisə yoxlanılmışdır. Yoxlamaların nəticələri Respublika Komitəsi Rəyasət Heyətinin iclaslarında müzakirə olunmuşdur. Müzakirələrdən sonra adıçəkilən təşkilatların rəhbərliyinə aşkara çıxarılmış nöqsanların aradan qaldırılmasına dair məktub göndərilmişdir. İşəgötürənlər tərəfindən məktublarımıza ciddi yanaşılmış, qeyd etdiyimiz 137 pozuntudan 133-ü dərhal aradan qaldırılmışdır. 4 pozuntunun həlli isə müəssisələrin maliyyə imkanlarının xaricində olduğundan bir qədər sonraya saxlanılmışdır.

Ötən bir il ərzində Rəyasət Heyətində təkcə əməyin mühafizəsi ilə bağlı 4 məsələyə baxılmışdır. Bunlardan biri yay mövsümündə temperaturun 41 dərəcə selsidən yuxarı olduğu halda işçilərin açıq hava şəraitində işlədiyi müəssisələrdə işin dayandırılması haqqında qərar layihəsinin müzakirəsinə həsr olunmuşdu. Qəbul olunmuş qərar sahə müəssisələrinə göndərilmişdi. Qərarın icrasının təminatına nəzarət həmkarlar ittifaqı komitələrinə tapşırılmışdı. Rəyasət Heyətinin digər iclası Ümumdünya Əməyin Mühafizəsi Gününə (28 Aprel) hazırlıq və onun təşkili ilə əlaqədar idi. “Əməyin mühafizəsi: gənc işçilər daha həssasdır” devizi altında keçirilmiş həmin əlamətdar gün təşkilatımız tərəfindən seminarlar, dəyirmi masalarla qeyd olundu. Seminarlara, dəyirmi masalara mühazirəçi qismində həkimlər, psixoloqlar və digər ixtisaslı mütəxəssislər dəvət edildi.

Əlamətdar gün çərçivəsində sadaladığım bu tədbirlər və görüşlər zamanı gənclərin problemləri dinlənildi, onların aradan qaldırılması yolları araşdırıldı.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsində xidmətimizdə olan müəssisələr də fəal iştirak etmişdir.

Müsabiqənin ilkin mərhələsi Rəyasət Heyətinin ilk həmkarlar ittifaqı komitələrinin lider və fəallarından ibarət yaratdığı komissiyanın nəzarəti altında keçmişdir. Komissiya müəssisələrdə əsasən istehsalat zədələnmələrinin olub-olmamasına, sanitar-məişət otaqlarının vəziyyətinə, işçilərin fərdi mühafizə vasitələri ilə təminatının səviyyəsinə, əməyin mühafizəsi üzrə iş yerlərinin attestasiyasının aparılıb-aparılmamasına və sair məsələlərə diqqət yetirmişdir. Yekunda komissiya “Aztelekom” MMC Hİ Bakı-1 şöbəsini və Sumqayıt Telekommunikasiya Qovşağını qalib adına layiq bilmişdir.

Əlbəttə, əməyin mühafizəsinə nəzarət sahəsində Respublika Komitəsinin gördüyü işlər və qazandığı uğurlar kifayət qədərdir. Mən onlardan yalnız kiçik bir hissəsini oxuculara təqdim etdim.

 

Böyükkişi SÜLEYMANOV,

Rabitə İşçiləri Müstəqil

Həmkarlar İttifaqı Respublika Komitəsinin baş texniki

 əmək müfəttişi