Fərman və Sərəncamlar imzalanıb


Baxıldı : 155

Tarix : 2017-01-27 21:29:18


Əmək pensiyalarının sığorta

hissəsi indeksləşdirilib

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci il  yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin. Fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

***

Minimum aylıq əməkhaqqı artırılıb

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilsin. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilsin.

***

Məcburi köçkünlər və onlara bərabər  şəxslər üçün vahid aylıq müavinət müəyyən edilib

Azərbaycan Respublikasının Prezidenti yanvarın 23-də "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Fərman imzalayıb

Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edib.

Nazirlər Kabinetinə tapşırılıb ki, vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Fərmanda o da qeyd olunur ki, Dövlət Neft Şirkəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etsin.