Fermerlər təsərrüfatlarını sığortalayarsa


Baxıldı : 112

Tarix : 2017-06-16 22:13:44


Kənd təsərrüfatı bütün ölkələr üçün riskli sahə sayılır. Belə ki, aramsız yağışlar, dolu, qar, şaxta fermerin ilboyu çəkdiyi əziyyəti bir anda məhv etməyə qadirdir. Fermer isə ona dəyən zərəri yalnız aqrar sığorta vasitəsilə kompensasiya etdirmək imkanına malikdir. Amma məsələ ondadır ki, Azərbaycanda insanlar hələ də sığorta məsələsinə laqeyd yanaşırlar. Halbuki təsərrüfatlarını sığortalamaqla fermerlər zərərə məruz qaldıqda qoyduqları vəsaitin bir hissəsini bərpa edə bilərlər.

Ölkədə aqrar sığortanın tətbiqi hansı vəziyyətdədir? Fermerlərin, eləcə də sığorta şirkətlərinin aqrar sığortaya marağı niyə yoxdur?

Sualları cavablandıran kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov dedi ki, maarifləndirmə işinin zəif olmasının nəticəsi olaraq fermerlər təsərrüfatlarını sığortalamırlar: " Ən əsası isə sığorta şirkətlərinin mövcud bazar şərtlərilə sığortada iştirak etməkdə maraqlı olmamasıdır. Çünki mövcud şərtlər onların bu sahədəki risklərini artırır. Belə ki, burda tez-tez sığorta hadisələri baş verir və onların topladıqları maliyyə vəsaiti kifayət etmir ki, sahədə baş verən hadisə nəticəsində zərərə məruz qalan fermerlərin təminatının müəyyən hissəsini ödəsinlər. Sığorta şirkətləri daha imkanlı olduğu üçün onlar sığorta hadisələri baş verəndə özlərini qorumaq məqsədilə peşəkar mütəxəssislərin köməyi ilə məsələni öz xeyirlərinə həll edirlər.

Bu isə  fermerlərin aqrar sığortadan yayınmasına səbəb olur. Xaricdə bu və ya digər təbiət hadisəsi nəticəsində zərərə məruz qalan fermer rahatca onu sübut edərək sığortasını ala bilir. Ölkəmizdə isə analoji halda belə fermer təsərrüfatına dəyən zərərin məhz təbiət hadisəsi nəticəsində baş verdiyini sübut edə bilmir ki, sığortasını ala bilsin. Fermer bir çox hallarda qanunları bilmir, vaxtlı-vaxtında qeydiyyat işi aparmağı, ərizə ilə müraciət etməyi bacarmır. Təsərrüfatın zərərverici xəstəliklər və ya təbiət hadisəsi nəticəsində məhv olması hadisəsi mütləq şəkildə mütəxəssislər və sığorta şirkətləri tərəfindən qeydiyyata alınmalıdır. Bunun üçün fermerlərin özlərinin də güclü mütəxəssisə ehtiyacı var. Fermerlər təsərrüfatlarını geniş formada sığortalayarsa, onda nə sığorta şirkəti, nə də fermerin özü zərərə məruz qalmaz".

Ekspert  yeri gəlmişkən onu da qeyd etdi ki, bu sahənin mütəxəssisləri tərəfindən iqlim dəyişikliyi ilə bağlı hökumətə təkliflər verilib. Həmin təkliflərin biri də doludağıdan topların alınması olub: "Hər il dolu təsərrüfatlara ciddi ziyan vursa da, nədənsə belə toplar alınıb ölkəyə gətirilmir. Dünyanın əksər ölkəsində dolunu bu üsulla neytrallaşdırırlar".

Əsli ƏHMƏDOVA