Fermerlər tütünçülüklə məşğul olmaqda maraqlı deyillər


Baxıldı : 51

Tarix : 2017-11-04 04:32:39


Kənd təsərrüfatı sahəsində əhəmiyyətli yerə malik olan aqrar sahələrdən biri də tütünçülükdür.

Bu sahə ilə bağlı hansısa addımlar atılırmı? Ölkənin tütünə olan tələbatı nə dərəcədə ödənilir?

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov qəzetimizə verdiyi müsahibəsində bildirdi ki, ölkədə istehsal olunan tütünün hamısı yaxın xaricə göndərilir. Ondan yerli istehsalda xammal kimi, demək olar ki, istifadə edilmir. Çünki həm keyfiyyəti, həm də məhsuldarlığı çox aşağıdır, maya dəyəri isə yüksəkdir və rəqabətqabiliyyətli deyil. Ona görə də fermerlərə sərf etmədiyi üçün onlar tütünçülüklə məşğul olmaqda maraqlı deyillər. Tütünün keyfiyyətini artırmaqdan ötrü müxtəlif sort toxumlar seçilməli, əkinçilik, habelə qurutma mədəniyyəti tətbiq olunmalı, xammalın beynəlxalq standartlara uyğun emalı və saxlanması düzgün həyata keçirilməlidir. Hər il təxminən 200 milyon, bəzən isə 400 milyon dollar dəyərində ölkəyə xaricdən siqaret gətirilir. Beləliklə, daxildə bazar var.

V.Məhərrəmov dedi ki, bu sahəni inkişaf etdirmək üçün xüsusi dövlət proqramı hazırlanmalıdır. Mövcud problemlərin aradan qaldırılması üzrə müəyyən tədbirlər görülməlidir. Digər tərəfdən isə, bu sahə üzrə elm inkişaf etdirilməli, peşəkar kadrlar, mütəxəssislər yetişdirilməlidir. Özümüzün toxum istehsalımız, texniki vasitələrinin heç olmasa bir hissəsi daxildə istehsal edilməlidir. Fermerlərin özlərinə də bu sahə ilə bağlı bilgi verilməlidir.

Aqrotexniki qaydalara əməl olunması sahəsində də bəzi problemlər mövcuddur. Məsələn, su təminatında problemlər yaşanır. Tütün enliyarpaqlı bitki olduğu üçün suvarma suyuna çox ehtiyacı var. Eyni zamanda tütün gərgin əmək və kapital tələb edir".

Ekspert xarici təcrübədən bəhrələnməyin də lazım olduğunu bildirdi: "Müəyyən sayda fermerləri bu sahədə maarifləndirmək və təcrübə əldə etmələri məqsədilə Türkiyə, Amerika və sairə bu kimi tütünçülüyün yüksək səviyyədə inkişaf etdiyi ölkələrə göndərmək lazımdır".

Aliyə SƏMƏDOVA