fevralın ...


Baxıldı : 240

Tarix : 2016-02-13 06:16:00


fevralın 12-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində \ Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi\ mövzusunda \ dəyirmi masa\ da iştirak edib. Prezident İlham Əliyev çıxış edərək bildirib ki, regionumuzun ölkələri neft istehsalçılarıdır. Azərbaycana gəlincə, müstəqil ölkə kimi bizim üçün neftin sektorunun inkişafı və neft-qaz sahəsinə sərmayənin yatırılması müstəqilliyimizin ilk illərində çox böyük əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan müstəqilliyini əldə etdiyi vaxt iqtisadiyyatımız, demək olar ki, durğunluq, iqtisadi və maliyyə böhranı səbəbindən tamamilə məhv edilmişdi. Buna görə də Azərbaycanın neft və qaz sektoruna əsas neft şirkətlərinin sərmayə yatırmağa dəvət edilməsi bizim üçün təkcə investisiyaların cəlb olunması mənasını daşımırdı. Bizim üçün bu, müstəqilliyimizin gücləndirilməsi və ölkəmizin müvəffəqiyyət qazanmasının yollarının tapılması mənasını daşıyırdı. O vaxtdan bəri iyirmi il ötüb və biz nəinki neft-qaz sahəsinə böyük investisiyaları cəlb etməyi və önəmli neft və tezliklə təbii qaz istehsalçısına və ixracatçısına çevrilməyi bacardıq, eyni zamanda neft-qaz sahəsindən əldə etdiyimiz gəlirləri əsasən qeyri-neft sektoruna, xüsusilə infrastruktura yatıra bildik. Buna görə də bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalmışdır. Biz eyni mənzərəni ixrac əməliyyatlarımızda görmək istəyirik. Hələ ki, buna nail ola bilməmişik. Buna görə növbəti illər üçün vəzifə ixrac potensialımızı şaxələndirməkdir və bu məqamda biz, əlbəttə ki, iqtisadi islahatların davam etdirilməsi, özəl sektor üçün daha da yaxşı şəraitin yaradılması, daha çox investisiyaların cəlb edilməsi və irimiqyaslı özəlləşdirmə proqramına başlanılması zərurətinə gəlirik. Bütün bu elementlər dövlət siyasətimiz kimi artıq bəyan olunub və mən əminəm ki, biz uğur qazanacağıq. Əslində, mən hesab edirəm ki, neftin qiyməti yüksək olduqda hökumət, əlbəttə ki, iqtisadiyyatın ən önəmli və cəlbedici sektorlarını öz əlində saxlamaq üçün əlindən gələni edəcək. Lakin neftin qiyməti 30 dollar olduqda hökumət genişmiqyaslı özəlləşdirmə proqramına başlamağa daha çox hazırdır. Səmimi desəm, biz indi yaşadığımız vəziyyəti neft hasilatının azalmağa başladığı bir dövrdə - ola bilsin, 15-20 il bundan sonra proqnozlaşdırmağa çalışırdıq. Biz bu dövrə hazır deyildik. Lakin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında söylədiyim kimi, neftdən sonrakı dövr artıq bizim üçün başlamışdır və bu, gözlənilməz idi. Səmimi söyləsəm, hesab edirəm ki, neftin qiymətinin dörd dəfə aşağı düşəcəyini heç kim təsəvvürünə gətirə bilməzdi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik. Bu, asan deyildi. Lakin yenə də qeyd etmək istəyirəm ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi və infrastruktura sərmayə qoyuluşu siyasəti sayəsində, hesab edirəm ki, bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq.