Şəffaflıq, aydınlıq, təmizlik mənbəyi


Baxıldı : 488

Tarix : 2015-02-21 04:53:00


Novruz bayramı yazın gəlişi və gecə-gündüzün bərabərləşdiyi gün qeyd olunur. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bahar şənliklərlə qarşılanır. Novruz xalqımızın adət-ənələrinin zəngin mədəniyyətinin nümayiş olunduğu bayramdır. Azərbaycanda adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlişinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə, Günəşə olan etiqad və inamını ifadə etmişdir. Novruz bayramı bəzən insanın yaranışı ilə də əlaqələndirilir. Yəni insanın dörd ünsürdən - su, od, torpaq və küləkdən yarandığı qeyd olunduğu kimi, Novruz bayramından öncə də dörd çərşənbə qeyd olunur.Məlumdur ki, istər qədim türk, istərsə də islami yaradılış haqqında görüşlərdə su həyatın ən vacib şərtlərindəndir. Hətta yaradılışdan əvvəl bütün varlığın yalnız sudan ibarət olması haqqında qədim türk mifi də mövcuddur. Əslində Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması insanın yaranmasının ilkin mərhələsinin qeyd olunmasıdır. Su çərşənbəsində xalq arasında bu gün də yaşadılan mərasimlər bu fikri təsdiq etməkdədir, qutsal mahiyyəti ona inamda bir daha ifadə olunur. Su çərşənbəsi qədim zamanlardan \ Əzəli\ çərşənbə də adlanır. Yəni elə məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. Bunu da qeyd etmək yerinə düşərdi ki, Su çərşənbəsində ilk tonqal yandırılması buzların açılması, qışın artıq arxada qalmasının göstəricisidir. Çünki kiçik çillə artıq öz yerini boz aya verir və havalar, atalarımız demişkən, \ ağara - bozara\ düzəlməyə başlayır. Su çərşənbəsi stolun üzərində su qoymaq, stolda suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bərəkət gətirəcəyi gözlənilir. Su çərşənbəsində stolun üzərində bir çox şirniyyat və yemək də qoyulur. Bu, hər ilin həmin formada keçməsi üçün əhəmiyyətli rol oynayır. Hətta qadınlar, qızlar Su çərşənbəsində birbaşa su ilə bağlı olan fallara da baxırlar. Baxılan fallardan birinə görə stəkana su doldurub, saçınızdan bir tel qopardaraq ona üzük bağlayıb, suya salıb çıxarmaq lazımdır. Bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa, siz həmin yaşda evlilik həyatına qədəm qoyacaqsınız. Xatırladaq ki, üzüyün nişan üzüyü olması daha vacib rol oynayır.Düzdür, hələ Novruza çox var, amma onun ilk qədəmləri elə insanlarda yetərli qədər sevinc və ruh yüksəkliyi oyada bilir.Su çərşənbəsi şəffaflıq, aydınlıq və təmizlik deməkdir. İlk öncə isə suyun həyat mənbəyi olduğunu heç vaxt yaddan çıxarmaq olmaz.CAVİD