Finlandiyada tətil başa çatıb


Baxıldı : 35

Tarix : 2019-11-29 18:43:28


Finlandiyada iki həftədən çox davam edən tətil çərşənbə günü səhər başa çatıb. Gərgin danışıqlardan sonra əldə olunan razılaşma işçilərin yenidən öz iş yerlərinə qayıtmasına imkan verib.

Qeyd edək ki, noyabrın 11-də ölkənin poçt işçiləri (9 min işçi) maaşlarının azaldılması ilə əlaqədar tətilə çıxıb. “Posti” Dövlət Poçt Xidmətinin əməkdaşlarının maraqlarını təmsil edən həmkarlar ittifaqları işçilərin hüquqlarını qəti şəkildə qorumaq qərarına gəlib və razılaşma əldə olunmasa, tətilin 22 dekabr tarixinə qədər davam edəcəyi söylənilib.

Tədricən tətilə nəqliyyat və digər sahələrin əməkdaşları da dəstək veriblər.

Finlandiyanın aparıcı aviadaşıyıcısının - “Finnair” şirkətinin əməkdaşları Finlandiyanın poçt işçiləri ilə həmrəylik əlaməti olaraq ümummilli tətilə  qoşulublar. “Finnair” şirkəti tətil nəticəsində təqribən 300 reysi ləğv etmək məcburiyyətində qalıb.

Nəqliyyat işçilərinin həmkarlar ittifaqları  eyni zamanda Finlandiya Dənizçilər İttifaqı da tətilə qoşularaq poçt işçilərinə dəstək olublar.