Fiziki rahatlıq və unudulmayan xatirələr məkanı


Baxıldı : 31

Tarix : 2018-07-28 04:43:36


Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzi bu mövsüm də öz rahatlığı, abadlığı, əyləncə proqramlarının zənginliyi və yerləşdiyi ərazinin təbii gözəlliyi ilə turistlərin diqqətini cəlb edir. 62 nömrəsi olan əsas bina istirahət ocağının düz mərkəzində yerləşir. Burada 21 otaq 1 nəfərlik, 40 otaq 2 nəfərlik, 1 otaq isə 5 nəfərlikdir. Ailə üzvləri ilə gələnlər isə 48 nömrədən ibarət 3-4 nəfərlik kottec evlərdə dincəlirlər.

 

Bu yazı qəzetdə dərc olunanda Mərkəzdə artıq üçüncü turist qrupu yayın ləzzətini çıxarır. Mövsümün sonuna qədər Mərkəzə daha 3 gəlişin olması nəzərdə tutulub. Bu da ümumilikdə 1600-1700 turistə xidmət göstərmək deməkdir.

Bu faktları qəzetimizin müxbirinə “Təhsil” İstirahət Mərkəzinin direktoru İlham Yusifov dedi.

O, Mərkəzdə mövcud olan qurğular barədə də məlumat verdi. Bildirdi ki, ərazidə qapalı və açıq hovuz mövcuddur. Açıq hovuz səhər saat 10-dan axşam 18-ə qədər turistlərin ixtiyarında olur. Qapalı hovuzun xidmətindən saat ondan günorta birin yarısına qədər qadınlar, saat dörddən altıya qədər isə kişilər istifadə edirlər.

Bunlardan əlavə, Mərkəzdə idman zalı, sauna, futbol, voleybol və basketbol meydançaları da var. Burada yarışlar keçirilir, qaliblər mükafatlandırılırlar. Mükafatlandırma mərasimləri təntənəli olur.

Turistlərin ən çox toplaşdığı ünvanlardan biri də gecə klubudur. Klubda proqram istirahətə gələnlərin istəyinə uyğun hazırlanır. 10 günlük istirahətə gələn turistlər üçün Quba, Qusar rayonlarına, Nabrandakı Pir bulağına turlar təşkil olunur. Mərkəzin avtobusları ilə arzu edən turistlər dənizə aparılırlar.

Turistlərin övladlarının əyləncələri də unudulmayıb. Ərazidə karusel, digər uşaq əyləncələri üçün nəzərdə tutulan qurğular qurulub. Uşaqlar daimi nəzarətdə saxlanılır. Nəzarət 41 kamera vasitəsilə həyata keçirilir. Kameradakı görüntülər diqqətlə izlənilir.

Mərkəzin həyəti başdan-başa yaşıllıqdır. Yaşıllıqlar arasında daş cığırlar salınıb. Cığırlar ətrafında əkilmiş ağaclar, necə deyərlər, turistlərə çətir tutur.

Çox sayda oturacaqlar, köşklər turistlərin ünsiyyət qurmasına, mütaliə etməsinə imkan verir. Ərazinin işıqlandırılması yüksək səviyyədədir.

Turistlər yeməkxanada iki növbədə nahar edirlər. Gün ərzində onlara iki dəfə ət yeməyi verilir (toyuq və mal əti). Səhər yeməyi menyüsündə yağ, pendir, kakao, kəsmik, cem və sair yer alır. Yeməklərin çeşidləri həftə ərzində təkrarlanmır. Milli mətbəxə xüsusi önəm verilir.

“Təhsil” İstirahət Mərkəzi turistlərə təkcə fiziki rahatlıq gətirmir, onlara uzun müddət unudula bilməyəcək xatirələr bəxş edir.