Fiziki və ruhi rahatlığın ünvanı - “Xəzər”


Baxıldı : 65

Tarix : 2018-08-03 20:10:46


“İxtisasca sanitar həkiməm. Bundan da əlavə təmizliyə, qida təhlükəsizliyinə həssas adamam. Ona görə də getdiyim yerlərdə ilk növbədə bu məsələlərə xüsusi diqqət yetirirəm. “Xəzər” İstirahət Mərkəzinə gəldiyim ilk saatlardan ərazini gəzdim. Səliqə-sahmana, otaqlardakı şəraitə nəzər saldım. Ərazidə artezian quyusu var. Suyun tərkibinin analizini xahiş etdim. Sağlamlıq üçün tam yararlı olduğunu yəqinləşdirdim. Yeməklərin keyfiyyətinə də söz ola bilməz”. Bu sözləri Respublikanın Əməkdar həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru, 35 nömrəli şəhər poliklinikasının baş həkimi Hüseyn Qədimov dedi.

Hüseyn müəllimlə bir masa ətrafında əyləşib çay nuş edən turistlər də “Xəzər” barədə ağızdolusu danışdılar. Dedilər ki, istirahət məkanı seçəndə təbii gözəlliyə üstünlük vermək vacibdir. Amma bununla iş bitmir. Əsas şərt odur ki, bu gözəlliyi məsuliyyətli və peşəkar insanlara tapşırasan. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər iki seçimi uğurla edib. Meşənin, dənizin kölgəliyindən, sərinliyindən zövq aldığımız qədər də istirahət mərkəzinin işçilərinin göstərdiyi xidmətdən fiziki, ruhi rahatlıq tapırıq.

Masanın yuxarı başında oturmuş ağsaqqal - Paşa İbadov bildirdi ki, burada iki anlayış əhəmiyyətini itirir. Biri zamandır. Necə gəlib-getdiyindən xəbərin olmur. Digəri isə yaş. 75 yaşım olduğunu unutmuşam. Təmasda olduğum insanların xoş aurası, saf təbiət, işçilərin üzündəki gülüş, əyləncəli proqramlar, qaynar həyat məni yaşım barədə fikirləşməyə qoymur.

Paşa dayının bəlkə də ciddi dediyi bu sözləri masa ətrafında əyləşən dostları təbəssümlə qarşıladılar.

Mən bir armudu stəkan çay içib qurtarana qədər masaya istirahət mərkəzinin direktoru Mahir Şirəliyev də yaxınlaşdı. O da mənə xoşgəldin edib xidmətçidən bir boş stəkan istədi.

Çaydan bir qurtum vurub, ağzını ləzzətlə marçıldatdı: Vahidin çayından olmaz da, - dedi. Üzünü mənə tutub soruşdu: Bəlkə səhv deyirəm? Hiss etdim ki, Mahir müəllim mənə demək istəyir ki, qardaş, burada rəsmiyyətə, quru söhbətlərə yer yoxdur. “Xəzər”in yaraşığı səmimiyyət, ancaq ürəkaçan duzlu - məzəli münasibətdir. Elə mənə də bu lazım idi. Səmimiyyətin xeyri idi ki, mən də jurnalist kimi gəldiyimi unudub, bir gün ərzində “Xəzər”də özümə çox dost tapdım.

M.Şirəliyevə dedim ki, vaxtım azdır. Mümkünsə gedək ofisinizə, sizdən bəzi məlumatları toplayım. Dedi, elə salamatı buradır. Turistlərin yanında. Burada yalan desəm, yalanımı turistlər çıxarar. Ofisdə isə səni aldada bilərəm. Olmayan şeyləri deyərəm. Təbii ki, bu da direktor tərəfindən bir zarafat idi.

Mən də onun danışıq tərzində “onda de gəlsin”, - dedim. Mahir müəllim dedi, mən yazdım. Hər dəfə fikrini bitirəndən sonra dönüb turistlərə baxırdı. Hamı da o deyənləri başı ilə təsdiq edirdi. M.Şirəliyev əvvəlcə mövsüm ərəfəsində görülən abadlıq, bərpa işlərindən söz açdı.

Bildirdi ki, əsas bina (ona əsas korpus da deyirlər) və “Yaşıl şəhərcik” adlanan ərazidə yerləşən kotteclər kosmetik təmir olunub. Yaşıllıqlar arasında salınmış cığırların daş döşəmələrinin bir çoxu dəyişdirilib. Körpülər, köşklər, oturacaqlar, dəmirdən hörülmüş torların da, necə deyərlər, əyər-əksiyi sahmana salınıb.

Mərkəz meşə içərisində olsa da, hər mövsüm ağac, gül, bəzək kolları əkməyi ənənəyə çevirmişik. Yaşı bilinməyən köklü meşə ağaclarını da bağbanlarımız qayğıdan kənarda qoymur. Onu da deyim ki, artıq yıxılmaq ehtimalı olan, yaşlı ağaclar və ya qurumuş budaqlar müəyyənləşdirilib mişarlanır. Bu da turistlərimizin təhlükəsizliyi baxımından olduqca zəruridir.

Biz söhbətimizin ardını ərazini gəzə-gəzə etdik. Əsas korpusun arxa tərəfində salınmış böyük alma bağına çatanda həmsöhbətim təəssüflə dedi: “Bir az tələsmisiniz, azacıq gec gəlsəydiniz bu almalardan dərib yeyərdiniz” (Deyəsən yenə zarafatından qalmadı). Əsas binaya daxil olduq. Gözümüzə tək-tük turist dəydi. Hər mərtəbədə xadimələr sil-süpürlə məşğul idi. Mahir müəllim dedi ki, turistlərin sərbəst vaxtıdır. Kimi otağında yatıb dincəlir, kimi mərkəzin həyətində ailəsi ilə birlikdə gəzir, kölgəliklərdə stolüstü oyunlarla, stolüstü tennislə, bilyardla vaxtını keçirir, kimisi də çimərliyə düşüb. “Xəzər” axşamüstülər Xəzər dənizi kimi çalxalanır. Xüsusilə idman meydançaları adamla dolur. Futbol, voleybol, basketbol həvəskarları komandalara bölünüb oynayırlar. Azarkeşlik edənlərin sayı qat-qat çox olur. Uşaqların toplaşdığı yer isə kompüter quraşdırılmış köşklərdir.

Direktor yay klubunun qarşısında ayaq saxladı. Məni içəri dəvət etdi. “Şəhərlərin klublarından nəyi əskikdir?-deyə soruşdu. Dedim heç nəyi. Təmirli, səliqəlidir və müasir avadanlıqla təchizatı da öz yerində.

Mahir müəllim dedi: Klubda əvvəlcə uşaqlar əylənirlər. Yəni əyləncəli oyunların iştirakçıları olurlar. Müsabiqələrdə, viktorinalarda iştirak edirlər. Bütün bunlar uşaqların yaşına, zövqünə uyğun musiqilərlə müşahidə olunur. Ən maraqlı məqam isə bu tədbirlərdə qalib gəlmiş uşaqların mükafatlandırma mərasimidir. O zaman onların sevincini görəsiniz! Başqa bir aləmdir.

Sonra isə klub gənclərin və cavanların ixtiyarına verilir. Mahir müəllim yenə zarafatla əlavə etdi, qocaları da qapı arxasında qoymuruq. Həvəsi olanlar gənclərə qoşulurlar.

Öyrəndim ki, turistlərə bölgəni yaxşı tanımaq fürsəti də verilir. Belə ki, arzusunda olanlar Xaçmazın, Qubanın, Qusarın görməli, tarixi yerlərinə aparılırlar.

Turistlər avtomobilləri Mərkəzin girəcəyində quraşdırılmış dayanacaqlarda saxlaya bilirlər. Mərkəzdə 130 nəfər işçi çalışır. Onlar üçün xidməti otaqlar ayrılıb. Yeməkləri pulsuzdur. İşə xidməti avtobuslarda aparılıb gətirilirlər.

Axşam yaxınlaşırdı. Mən Bakıya qayıtmalı idim. Açığı, heç Mahir müəllim də, ağızucu da olsa, “qal” demədi. Çünki... ilin bu vaxtı belə bir məkanda boş yer qalarmı?!

Bəyalı RZAYEV