“Fövqəladə hadisə uşaqların gözü ilə"


Baxıldı : 71

Tarix : 2017-10-06 23:34:56


Sentyabrın 29-da Nərimanov Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının, rayon icra hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə "Fövqəladə hadisə uşaqların gözü ilə" mövzusunda inşa və rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Qeyd edək ki, müsabiqə rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təşkil olunub.

Mükafatlandırma mərasimini giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qalib gəlmiş şagirdləri təbrik edib və müsabiqənin uşaqların bu sahədə istedadlarının aşkarlanması baxımından əhəmiyyətini vurğulayıb.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev bildirib ki, əsas məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, həmçinin istedadlı uşaqların üzə çıxarılmasıdır.

FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov şagirdlərə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər fövqəladə halların aradan qaldırılması  məsələləri ilə bağlı məlumat verib. Nazirliyin qısa zaman ərzində ən yüksək və müasir tələblərə cavab verən maddi-texniki bazasının formalaşdığını qeyd edib. Regionda və qonşu ölkələrdə Türkiyə, Gürcüstan, İsrail və Pakistanda baş verən fövqəladə halların aradan qaldırılmasında FHN-in gördüyü işləri diqqətə çatdırıb.

Çıxışının sonunda Mehman İsmayılov müsabiqə iştirakçılarını təbrik edərək onlara gələcək təhsillərində uğurlar arzulayıb.

Sonda inşa və rəsm müsabiqəsində fərqlənmiş və qalib gəlmiş şagirdlər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və hədiyyələrlə təltif olunublar.

Azər MUSTAFAYEV