“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edildi


Baxıldı : 392

Tarix : 2020-01-10 15:18:40


Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in, Təhsil Nazirliyinin birgə təşkilatçılığı və FHN İşçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş IX Respublika uşaq yaradıcılıq müsabiqəsi çərçivəsində sərginin açılışı və qaliblərin mükafatlandırılması mərasimi olub.

Tədbirdə Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Təhsil nazirinin müavini İdris İsayev, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV-lərin və ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyətinin və mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilmələri, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi olub.

Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdikləri respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə təşkilat komitəsinə 518 rəsm, 210 plakat, 236 əl işi, 205 yanğın və qəza-xilasetmə texnikası modeli və 139 yumşaq oyuncaq təqdim olunub. İşlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Birinci yerə 31, ikinci yerə 37, üçüncü yerə 47 nəfər layiq görülüb. Həmçinin 52 nəfərə həvəsləndirici diplomlar təqdim edilib.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb, onlara Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.