Formal iqtisadiyyata keçidin yolları araşdırıldı


Baxıldı : 58

Tarix : 2017-09-23 01:28:01


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Hüquq Şöbəsinin əməyin hüquq müfəttişi Ruslan Bağırov sentyabrın 11-15-də İtaliyanın Turin şəhərində Beyəlxalq Əmək Təşkilatının (BƏT) keçirdiyi "Qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid - Qlobal məlumatların mübadiləsi" forumunda iştirak etmişdir. Foruma Afrika, Avropa və Latın Amerikası ölkələrindən hökumət, işəgötürənlər və həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri dəvət olunmuşdu.

Tədbirdə qeyri-formal sahələrdə çalışan

işçilər, əmək qabiliyyətli əhali arasında onların faizi, qeyri-formal məşğulluqla mübarizə barədə mühazirələr oxundu.

BƏT-in ekspertləri Azita Berar, Florince Bonnet, Juan Chacaltana və Fredric Lapeyre çıxışlarında formal iqtisadiyyata keçid, bu sahədə dövlət siyasəti, problemlər və onların həlli, sosial tərəfdaşlıq, qeyri-formal iqtisadiyyatda informasiya araşdırmaları məsələlərinə toxundular.

Mühazirələr ətrafında müzakirələrdə çıxış edən R.Bağırov bildirdi ki, qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə əlaqədar Azərbaycan həmkarlar ittifaqı çox sayda tədbirlər həyata keçirir. Daha çox maarifləndirmə işlərinə üstünlük verilir. Dəyirmi masalar, seminarlar təşkil olunur. 2016-cı ildən Azərbaycan Respublikasında sosial və iqtisadi məsələlər üzrə üçtərəfli komissiya fəaliyyət göstərir. Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası komissiyası yaradılıb. Hər iki komissiyada AHİK-in nümayəndələri də iştirak edirlər. Bu komissiyalarda qeyri-formal məşğulluqla bağlı məsələlər vaxtaşırı müzakirəyə çıxarılır.