Fotolarda yaşayan faciəli anlar


Baxıldı : 182

Tarix : 2017-12-15 22:07:22


 

Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Bakı Metropoliteni" QSC-nin bir qrup işçisi Şəhidlər muzeyini ziyarət edib.

Muzeyin təşkilatçısı olan "Həqiqət" Tarixi Araşdırmalar Birliyinin sədri, müharibə veteranı Əlövsət Qasımov Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Qarabağ və ətraf ərazilərdə erməni silahlılarının törətdiyi vəhşiliklər barədə danışdı. Dedi ki, mən bu vəhşiliklərin şahidi olmuşam. Şəhid qardaş-bacılarımızın cəsədlərini silahdaşlarımla birlikdə döyüş meydanlarından çıxarıb ailələrinə aparmışam. İşğalçıların törətdikləri faciələrin qurbanlarının bir çoxunu ağlaya-ağlaya fotoyaddaşa köçürmüşəm. Onların bir çoxu bu gün bu muzeydə qanlı günlərin şahidi kimi qorunub saxlanılır. Əlövsət həmçinin nəşr etdirdiyi kitablar, topladığı foto və video materiallar haqqında da məlumat verdi.

Ə.Qasımov əhali arasında Qarabağ mövzusunun təbliği istiqamətində "Bakı Metropoliteni" QSC-nin xeyli iş gördüyünü söylədi, buna görə onlara təşəkkürünü bildirdi.  Dedi ki, “Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov fəal vətəndaş, vətənpərvər mövqeyinə görə təşkilatımızın "Böyük vətənpərvər" mükafatına layiq görülüb.

Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov nadir sənəd sayılan fotoçəkilişləri zamanında aparmış, xüsusən də şəhidlərimizin nəşinin ailələrinə qaytarılmasında fəallıq göstərmiş Ə.Qasımova minnətdarlığını bildirdi. Gənc nəslin vətənpərvərlik tərbiyəsində, erməni vandalizminin unudulmamasında göstərdiyi təşəbbüslərə görə ona, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov başda olmaqla, metropoliten kollektivinin təşəkkürünü çatdırdı və bu işdə hər bir azərbaycanlının üzərinə böyük yük düşdüyünü qeyd etdi.

Daha sonra fotostendlərə baxış keçirildi və Ə.Qasımov sərgi iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

Bəyalı RZAYEV