Gömrük rüsumu artırıldı - Qiymətlər də artacaqmı?


Baxıldı : 123

Tarix : 2016-11-04 05:03:00


Nazirlər Kabinetinin qərarına əsasən, noyabrın 1-dən Azərbaycana idxal edilən bir sıra məhsulların (toyuq əti, yumurta, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, xurma) gömrük idxal rüsumu artırılır. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq. Eyni zamanda bir sıra tikinti materiallarına da yeni gömrük tarifləri tətbiq edilib.İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev qəzetimizə verdiyi müsahibəsində bildirdi ki, hazırda ölkənin ərzaq ehtiyacı 80% daxili istehsal hesabına təmin olunur. Amma ən mühüm problem ondadır ki, daxili istehsalda istifadə olunan xammal və komponentlər xaricdən gəlir. Buna görə də idxal tarifləri yüksələn məhsullar üzrə qiymətlər dəyişəcək. Məsələ təkcə xaricdən gətirilən məhsullarda deyil, eyni zamanda həmin məhsulların Azərbaycanda analoqu olan və yerli istehsal məhsullarının da qiymətində dəyişiklik baş verəcək. İdxal tariflərin artırılması yerli məhsullara tələbatı artıracaq və daxili bazarı tam ödəmədiyinə görə həmin məhsulların qiymətini qaldırmalı olacaqlar. Ekspert qeyd etdi ki, bu, daxili bazarı qorumaq üçün atılan addımlardan biridir. Bunun mahiyyəti ondan ibarətdir ki, xaricdən gətirilən mallar daxili bazardakı yerli istehsal ilə müqayisədə ucuz başa gəlir və qiymət rəqabətində yerli istehsalı qabaqlayır. Əhali, əlbəttə, ucuz mal almağa üstünlük verir, yerli məhsulların qiyməti daha baha olduğu üçün xarici məhsulları seçir. Buna görə də bir sıra ölkələrdə yerli istehsalı qorumaq üçün yüksək gömrük rüsumları tətbiq edilir. Tariflərin artmasında məqsəd yerli istehsalın təşviqi olsa da, bu iki səbəbdən bir sıra çətinliklər yaranacaq. Birincisi, milli biznes həmin məhsullar üzrə əvvəllər idxalın ödədiyi payı istehsal etmək gücündə deyil, buna maddi və texnoloji imkanları yoxdur. İkincisi, bu halda bazarda idxalın payı əhəmiyyətli şəkildə azalsa belə, məhsul çatışmazlığı və tariflərin yüksəlməsi inflyasiyanı təşviq edəcək. Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyi aşağı düşəcək.S. Əliyev vurğuladı ki, qiymət artımı əhalinin sosial durumuna da mənfi təsir göstərəcək. Çünki qiymət artımına rəğmən əhalinin gəlirlərində artım yoxdur.GÜNEL