Gənclər arasında işsizliyin səbəbləri


Baxıldı : 460

Tarix : 2015-02-07 13:28:00


Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı və əmək resursudur. Ali təhsilli gənclərin sayının ilbəil artmasına baxmayaraq, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsi əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab vermir. Bu da müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır. Nəticədə bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən bəzi ixtisaslara (kənd təsərrüfatı, yüksək texnologiyalar və s.) maraq çox zəifdir. Ali təhsil alanların çox az qismi regionlarda işləməyə meyil göstərir. Bu baxımdan təhsil sisteminin, xüsusilə də peşə təhsilinin sürətlə inkişaf edən ölkə iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması günümüzün zərurətinə çevrilmişdir. Bu barədə Prezident İlham Əliyevin imzaladığı \ 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası\ nda qeyd olunur. Gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsinin əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab verməməsinin səbəbləri nədir? İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib ki, istər ali təhsilli, istərsə də orta məktəbi bitirən gənclər arasında işsizlik hələ də var və kifayət qədərdir. Bunun bir sıra səbəbləri var. Əsasən də əmək bazarı və bugünkü sahibkarlıq mühiti ilə bağlı olan məsələdir. Qeyd edək ki, ali təhsilin formalaşmasında və ixtisasların təyin olunmasında ölkənin sosial-iqtisadi inkişafının meyilləri, o cümlədən sahibkarlıq subyektlərinin tələbləri nəzərə alınmalıdır. Bu gün sahibkarlar hansı kadra, ixtisasa ehtiyac duyursa və ya hansı peşələr vacibdirsə onlar öyrənilməlidir. Ali təhsil müəssisələri ilə iş adamları arasında qarşılıqlı əlaqə olmalı, təcrübə mübadiləsi aparılmalıdır. Məsələn, ABŞ-ın özündə və eləcə də inkişaf etmiş digər ölkələrdə ali məktəblərə tələbə qəbulu zamanı həmin tədris müəssisələrinin bəzi təklifləri olur. Tələbə baxıb görür ki, il ərzində bir ixtisasda təhsil almaqla, məsələn, iyirmi min dollar pul xərcləyəcək. Qarşılığında isə təhsilin sonunda hər hansı şirkət və ya firma tərəfindən təklif olunan işlə təmin olunacaq. Bəzən o qədər əlaqəli şəkildə işləyirlər ki, artıq bir tələbəyə üç yer iş kimi təklif olunur. İllik maaş kimi isə 80-100 min dollar göstərilir. Tələbə də artıq fikirləşir ki, dörd ilə 80 min xərcləyərək, bir ilə artıq o pulu çıxaracaq. Ona görə də əmək bazarının tələbləri öyrənilməli, dövlət orqanları və ya özəl sektor üçün hansı səviyyədə biliklərə cavab verən mütəxəssislərə ehtiyac olduğu müəyyən olunmalıdır. Məsələn, deyək ki, ixtisaslar var ki, bu sahənin mütəxəssisləri yüksək məvacib qarşılığında xaricdən gətirilir. Elə ixtisaslar var ki, gənclərimizin onun haqqında heç bir məlumatı yoxdur. Sahibkarlıq subyektləri bir çox hallarda elə kadrlar istəyir ki, ali məktəblərdə bu sahənin tədrisi belə həyata keçirilmir. Ekspertin sözlərinə görə, hazırlıq dedikdə ali məktəbə daxil olan gənc oxuduğu illərdə müasir dövrdə ehtiyac duyulan ixtisas üzrə təhsil almalıdır. Dərs vəsaitləri ona cavab verməlidir. Laboratoriyalar yeni, standartlara uyğun olmalıdır. Sahibkarlıq subyektləri iş təcrübəsi istəyir. Bəs ali məktəbi bitirdikdən sonra tələbə ilk təcrübəsini haradan əldə etməlidir. Məhz oxuduğu illərdə praktik olaraq ali məktəblər həmin o iş yerlərinə bu kadrları təcrübəyə göndərməlidir. Onlar həmin müəssisələrdə təcrübə keçməlidir. İşləyəcəyi yer haqqında əvvəlcədən anlayışı olmalıdır. Və yaxud iş mühitinin ilkin şərtləri ali məktəblərin özündə yaradılmalıdır. Məsələn, texnoparklar, laboratoriyalar müasir günün tələblərinə cavab verməlidir. Bu gün faktiki olaraq iş yerlərində, deyək ki, fabriklərdə, zavodlarda istifadə olunan avadanlıqların nümunələri ali tədris ocaqlarında olmalıdır. Artıq ali məktəbi bitirdikdən sonra gənc iş yerinə müraciət etdikdə sahibkar görəcək ki, həm nəzəri bilikləri var, həm də təcrübi. Digər önəmli məsələ isə peşə məktəblərinin açılmasıdır. Bu zaman beynəlxalq təcrübə də nəzərə alınmalıdır. İnkişaf etmiş ölkələrdən biri sayılan Almaniyada orta məktəbi bitirən gənclərin 65 faizi ali məktəbə daxil ola bilmir. Amma buna baxmayaraq, həmin gəncləri yönəldirlər ki, peşə ixtisaslarına yiyələnsinlər. Vaxtilə bizim ölkədə də belə təcrübə olub. Müəyyən dövrlərdə bu sahəyə maraq azalsa da, hazırda peşə məktəblərinin inkişaf etdirilməsi vacib bir məsələyə çevrilib. Bu gün kənd təsərrüfatında təcrübəli aqronoma, fermerə, seleksiya işini bilənə ehtiyac var. Məhz peşə məktəblərində bu ixtisasları tədris etməklə peşəkar kadr yetişdirmək olar. Bütün bunlar əldə edilmədikdə isə gənclər işsiz qalır. A.MUSTAFAYEV