Gənclər arasında sahibkarlığın inkişafı


Baxıldı : 518

Tarix : 2015-02-14 04:00:00


Hər bir dövlətin yüksəlişi və dayanıqlı həyat səviyyəsi onun iqtisadiyyatının artım tempindən, formasından və uzun müddətə hesablanmasından asılıdır. Sözsüz ki, bu inkişafın təmin edilməsində gənclərin də böyük rolu olub. Qlobal böhranlar səbəbindən gənclərin işsizliyi Avropada mühüm problemlərdən birinə çevrilib. İşsizliyin aradan qaldırılması üçün bir çox yollar mövcuddur. Əlbəttə, bəzi ölkələrdə ənənəvi üsullardan istifadə etməklə problemdən yan qaçmaq mümkün olub. Qeyd edəcəyimiz sahibkarlıq fəaliyyəti gənclərin məşğulluğunun təmin olunmasında üstün xüsusiyyətlərə malikdir. Sahibkarlıq həm gənclərin işsizliyi ilə mübarizə aparmaq, həmçinin də sosial problemlərin yeni həll yollarının axtarışı üçün bir imkandır. Bu xüsusiyyətləri gənclərdə formalaşdırmaq üçün nələri etmək lazımdır?İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə gənclərin maarifləndirilməsinə çox böyük ehtiyac var: \ Gənclər üçün xüsusi güzəştli mexanizmlər tətbiq edilməlidir. Təlimlərin keçirilməsi olduqca vacibdir. Bizim apardığımız monitorinqlər sübut edir ki, gənclərin böyük bir qismi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün məlumatlandırılmalıdır. Bu olmadan gənclərin birmənalı şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olması mümkün deyil. Yeni yaradılan texnoparklarda, aqroparklarda gənclərə üstünlüklər verilməlidir. Gənc sahibkarlar üçün güzəştli kredit sisteminin tətbiq edilməsi lazımdır. Xüsusən də sahibi gənclər olan müəssisələrə bir sıra əlavə imtiyazlar verilməlidir. Təbii ki, gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi eyni zamanda dövlət tərəfindən həmin fəaliyyətin stimullaşdırılmasına imkan verəcək\ . Apardığımız kiçik araşdırma göstərir ki, gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi vacibdir. Biznes və ya iqtisadiyyatın müxtəlif sahələrində xüsusi fəallığı ilə seçilən gənclər iqtisadi inkişaf səviyyəsinin yüksək olduğu ölkələrdə mütəmadi olaraq hazırlıq kurslarında iştirak etməlidir. Bu zaman onlar həmin ölkələrdə öz peşə-hazırlıq səviyyələrini yüksəltməklə yanaşı, fəaliyyəti ilə tanış olduqları müəssisələr ilə birbaşa işgüzar əlaqələr də yaradaraq ölkəmizdə bu sahənin formalaşmasına təkan vermiş olarlar. İnkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinin öyrənilərək tətbiqi gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, sənaye parklarının yaradılması sahəsində, həmçinin sahibkarlığa, o cümlədən kiçik və orta sahibkarlığa dəstək mexanizmlərinin hazırlanmasında mühüm rol oynaya bilər. Paytaxtla yanaşı regionlarda da gənclərin məşğulluğunun inkişaf etdirilməsi zəruridir. Bu zaman onlara dəstək göstərilməsi və əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması istiqamətində iqtisadi maarifləndirmə aparılması, subsidiylar verilməsi, bir sıra güzəştlərin tətbiq olunması yaxşı nəticələr verə bilər. Bu zaman bir növ sahibkarlar və kəndli fermerlər arasında gənclərin sayının artması müşahidə olunar. Qeyd etdiyimiz kimi, əsas hədəf gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi və onların həyat bacarıqlarının inkişaf etdirilməsi ilə işsizliyin aradan qaldırılmasıdır.AZƏR