Gənclərə düzgün dini biliklər verilməlidir


Baxıldı : 362

Tarix : 2015-03-14 03:02:00


Hazırda din pərdəsi altında pərdələnənlər bəşəriyyət üçün böyük bəlaya çevrilib. İŞİD adlandırılan təşkilatın son illər etdikləri bu təhlükənin hər zaman qaldığını göstərir. Azərbaycandan da İran, İraq, Suriya və Misir kimi ölkələrə dini təhsil üçün gedənlərin sayı az deyil. Onların bir qismi təhsilini başa vurduqdan sonra ölkəmizə qayıdaraq dini ayin və mərasimlərin aparılmasında iştirak edirlər. Xaricdə təhsil alan tələbələr arasında ölkəmizin müxtəlif məscidlərinə rəhbərlik edənlər də var. Lakin müşahidələr göstərir ki, xaricdə dini təhsil alan tələbələrin ümumi fəaliyyəti heç də yaxşı deyil. Həmin şəxslərin bəzilərinin gələcəkdə Azərbaycan üçün də potensial təhlükə olacağı iddiasında olanlar var. Bu qənaətdə olan millət vəkili Zahid Oruc gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmasını təklif edir. Onun sözlərinə görə, xaricdə təhsil alan azərbaycanlıların bir çoxu bəzi siyasi dairələrin təsirinə düşür: \ Bununla bağlı \ Dini etiqad azadlığı haqqında\ qanuna da müvafiq dəyişikliklər edilməlidir. İslam Universitetinin müəllimləri dini təhsil vermək baxımından beynəlxalq standartlara cavab verməyə bilərlər. Bu baxımdan da daha yüksək səviyyədə dini təhsil vermək üçün kənar yerdən müəllimlər həmin universitetə cəlb edilə bilər. Lakin Azərbaycan gənclərinin xaricdə dini təhsil dalınca getmələrinə icazə vermək olmaz\ .Məsələyə münasibət bildirən ilahiyyatçı Elşad Miri deyir ki, yaranan problemin bir neçə səbəbi var: \ Hazırda dini təhsillə bağlı respublikamızda vəziyyət o qədər də ürəkaçan deyil. Bu gün gənclərin dini təhsil ala biləcəyi iki təhsil ocağı var. Bunlardan biri Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində olan İslam Universitetidir. Həmin təhsil ocağı mollalardan bir qədər üstün mövqeyə malik olan axund yetişdirir. Onlar isə mollalardan daha baha qiymətə yas mərasimlərinə getmək üçün özlərini formalaşdırıblar. Həmin universitetdə dərs keçənlərdə isə məzhəb məsələlərinin olması ayrıca bir müzakirənin mövzusudur. Dini təhsil verən ikinci tədris ocağı isə Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsidir. Həmin fakültədə isə vaxtilə Azərbaycanda təhsil alan, sonra isə gedib Türkiyədə təhsillərini davam etdirən gənclər tədris aparır. Belə olan halda \ ölkəmizdə bu təhsil ocaqları varsa, gedib xaricdə dini təhsil almağa dəyərmi\ sualı meydana çıxır. Proseslər göstərir ki, hazırda İranda təhsil alanlar dini mərkəz olaraq İranı, Səudiyyə Ərəbistanında dini təhsil alanlar dini mərkəz olaraq Səudiyyə Ərəbistanını görür. Ona görə bu gün həmin insanları təhlükəli görürüksə, eyni yanaşmanı dünyəvi elmlərə də şamil edə bilərik. Məsələn, bu gün Azərbaycandan Harvard Universitetinə, Oksforda gedənlər sonradan ölkədə Qərb dəyərlərini təbliğ edirlər. Yaxud öz düşüncələrində bu ideyaları yaşadırlar. Demək, təhsil aldığı ölkədə öyrəndiklərini təbliğ etmək təhlükə olmamalıdır. Sadəcə, Azərbaycan məsələyə daha dərindən yanaşmalıdır. Ölkənin orta məktəblərində dinlə bağlı məlumat verilməli və bir fənn tədris olunmalıdır. Həmin dərslərdə yeniyetmə və gənclərə düzgün dini biliklər verilməlidir. Ölkədə dini təhsil verən təhsil ocaqlarının potensialı artırılmalı və yüksək səviyyədə dini təhsil verilməsinə şərait yaradılmalıdır\ . E.Mirinin qənaətinə görə, son illər gənclərin dövlət xətti ilə xaricdə təhsil alması ilə bağlı istiqamətlərə dini təhsili də əlavə etmək olar: \ Çıxış yollarından biri də dövlətin özünün hansısa universitetlə müqavilə bağlayıb dini təhsil almaqda maraqlı olan gəncləri oraya yönəltməsidir. Amma gənclər özləri də gedib orada imtahan verib təhsil ala bilər. Bu gün bəzi ölkələrdə dini təhsil alanlara təqaüd də verilir. Respublikamızda isə belə bir təsəvvür var ki, əgər kimsə gedib xaricdə təhsil alıb gəlibsə, o, daha güclü kadrdır. Belə olan təqdirdə də əksəriyyət xaricdə təhsil almağa üstünlük verir. Demək, bu yanaşmanın da dəyişməsinə ehtiyac var. Təhsil Nazirliyi də bu istiqamətdə iş aparmalıdır\ .Xalid AZƏR