Gənclər gələcəyimizdir


Baxıldı : 221

Tarix : 2015-01-31 04:29:00


Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Məhz bu məqsədlə 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və ulu öndər tədbirdə şəxsən iştirak edib. Forum ölkədə gənclər hərəkatının vüsət almasına təkan verib. Məhz həmin günün əhəmiyyətini nəzərə alaraq 2 fevral tarixi gənclər günü kimi elan edilərək Azərbaycan tarixinə yazılıb. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur.Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev tərəfindən aparılan siyasi xətt də bunu təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Gənclərin məşğulluğunun təmin olunması üçün də mühüm addımlar atılır. Ayrı-ayrı gənclər təşkilatları ilboyu gənclər və yeniyetmələri müxtəlif layihələrə cəlb edir, onların hərtərəfli inkişafı, kamil vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda iştiraka hazırlığı, lider kimi formalaşmalarına kömək məqsədi ilə çoxsaylı tədbirlər keçirirlər. Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. B.RZAYEV