İşəgötürənləri daha sərt qaydalar gözləyir


Baxıldı : 190

Tarix : 2016-02-27 04:53:00


Məlum olduğu kimi, Milli Məclis yeni redaksiyada hazırlanan \ İnzibati Xətalar Məcəlləsi\ layihəsini qəbul edib və sənəd dövlət başçısı tərəfindən təsdiq edilib. Martın 1-dən qüvvəyə minəcək yeni Məcəllədə mühüm istiqamətlərdən biri əmək bazarına nəzarətin gücləndirilməsi ilə bağlı müddəaların yer almasıdır. Yeni Məcəllədə əmək qanunvericiliyinin pozulmasıma görə cərimələrin hədləri müəyyənləşib. Belə ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilərsə, işəgötürəni yüksək məbləğdə sanksiyalar gözləyir. İşəgötürən fiziki şəxs olduğu halda, onun cəriməsi min manatdan iki min manatadək məbləğdə müəyyənləşib, vəzifəli şəxslər üçünsə bu rəqəm üç min manatdan beş min manatadək nəzərdə tutulub. İşəgötürən hüquqi şəxs olduğu halda, onun cəriməsi iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə olacaq. İşəgötürənlərin işi bununla da bitməyəcək və onlar əmək qanunvericiliyinin tələblərini pozduqları halda, onları digər cəza tədbirləri də gözləyir. Belə ki, Məcəllənin 192.2. maddəsinə əsasən, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək. Bundan başqa, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə olunacaqlar. Həmçinin işçinin məzuniyyət hüquqlarının pozulması, ona əmək məzuniyyətinin verilməməsi, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi halları baş verdikdə, işəgötürən şəxs min beş yüz manatdan iki min manatadək məbləğdə cəriməyə məruz qalacaq. Yenkinlik yaşına çatmamış şəxslərin işə cəlb olunmasına görə də cərimələr artırılıb. Belə ki, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə olunacaqlar. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə 1000 manatdan 2000 manata kimi cərimə tətbiq ediləcək. ELBRUS