Gələcək nəslin mənəvi sərvəti


Baxıldı : 37

Tarix : 2018-12-28 05:46:38


Bakıdakı Rəfael Hüseynov adına 49 saylı tam orta məktəbdə 31 dekabr - “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş ədəbi-bədii tədbir əvvəldən sona qədər musiqi sədaları ilə müşayiət edildi. Məktəbin musiqi müəllimi Səyyarə Ağayevanın hazırladığı musiqili kompozisiya tədbirin bayram əhvali-ruhiyyəsini daha da artırırdı. Məktəbin direktoru, əməkdar müəllim Təhminə Əsədova, tarix müəllimi Gülşən Abdullayeva, həmkarlar ittifaqının sədri Sevinc Nağıyeva əlamətdar günün planetimizin müxtəlif ərazilərində məskunlaşmış soydaşlarımızın, bütövlükdə xalqımızın birliyi, monolitliyi baxımından əhəmiyyətini yüksək qiymətləndirdilər. Bildirdilər ki, bu müqəddəs hislərin yetişməkdə olan gələcək nəslin mənəvi sərvətinə çevrilməsi üçün doğma təhsil ocağının kollektivi də köməyini əsirgəmir.

Tədbirdə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail Rayon Komitəsinin sədri Mükafat Abbasov iştirakçıları xalqımızın həmrəyliyi günündə Azərbaycan həmkarlar ittifaqı hərəkatının həyatında baş vermiş xoş bir xəbərlə tanış etdi. Dedi ki, AHİK sədri, millət vəkili Səttar Möhbalıyev bir neçə gün əvvəl Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının yenidən vitse-prezidenti seçilib. Bu, təkcə həmkarlar ittifaqına deyil, həm də Avropada, dünyanın digər qitələrində yaşayan soydaşlarımıza başucalığı gətirən böyük hadisədir. Təbii ki, xarici ölkələrdə işləyən azərbaycanlılara münasibət daha isti, daha etibarlı olacaq.

Sonda həmrəylik günü münasibətilə işdə fərqlənən bir qrup müəllimə Rayon Komitəsinin Fəxri fərmanları, diplomlar və qiymətli hədiyyələri təqdim olundu.