Gələcəyimizin qeydinə qalaq


Baxıldı : 327

Tarix : 2017-12-22 22:59:01


Uşağın tərbiyəsi, davranış qaydaları, təhsilinin bünövrəsi  ilk növbədə ailədə, sonrakı mərhələdə isə bağçada, məktəbdə təkmilləşir. Bəs məktəbəqədər təhsildən yayınan uşaqların sonrakı mərhələdə nə kimi çətinlikləri olur?

Təhsil üzrə ekspert Kamran Əsədov mövzu ilə bağlı müsahibəsində dedi ki, 1 - 5 yaşlı uşaqların kənd yerlərində 7%-nin, şəhər yerlərində 21% faizinin məktəbəqədər təhsil müəssisələrinə çıxışı var: "Hazırda  işləyən valideynlər əsasən dayələrin xidmətindən istifadə etməyə üstünlük verirlər. Bu isə nə maddi cəhətdən, nə də uşağın hərtərəfli böyüməsi baxımından sərfəli deyil. Həmçinin məktəbəqədər hazırlıqdan yayınan uşaqlar sonrakı mərhələdə, məktəb mühitinə daha gec adaptasiya olurlar.

 Hələ uşağı məktəbə hazırlamaq məqamı çatanda dayədən əlavə pedaqoq da tutmalı oluruq ki, bu da xeyli xərc deməkdir.

K.Əsədov təəssüflə bildirdi ki, məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyət hələ də ürəkaçan deyil: " Bu halın əsas səbəbi isə uşağın yaşadığı ərazidə həmin müəssisələrin olmaması və ya az olması, özəl məktəbəqədər təhsil müəssisələrində isə ödənişin çox olmasıdır. Lakin problem bununla kifayətlənmir. Ümumiyyətlə, ölkədə  məktəbəqədər hazırlığa bu yaş kateqoriyasına daxil olan uşaqların hamısı cəlb edilə bilmir. Məsələn, Finlandiya, Norveçdə, Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə məktəbəqədər yaş kateqoriyasına malik olan şəxslərin hamısı bu təhsil müəssisələrinə cəlb olunur. Bizdə isə bu, aşağı səviyyədədir. Hazırda ölkədə 1700-ə yaxın uşaq bağçası fəaliyyət göstərir. Lakin dövlət bağçalarında da yer tutumu bütün uşaqların sayına uyğun deyil. Bu gün məktəbəqədər təhsilə cəlb olunacaq uşaqların sayı 14 min nəfərə yaxındır. Lakin ölkədə o qədər uşağı cəlb etmək imkanına malik infrastruktur yoxdur. Bundan başqa, dövlət məktəbəqədər təhsil müəssisələrində, təəssüf ki, müəllimlərin bilik səviyyəsi, təhsili özəllərlə müqayisədə aşağıdır. Belə olan təqdirdə isə maddi durumu yaxşı olan valideynlər özəl məktəbəqədər təhsil müəssisəsini seçməyə üstünlük verirlər. Bundan başqa, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, özəl bağçalarda xəstələnən uşaqların sayı dövlət bağçalarında xəstələnən uşaqların sayına nisbətən aşağıdır. Həmçinin dövlət bağçalarında qidalanma özəl bağçalardakı qədər keyfiyyətli deyil. Ən ciddi problemlərdən biri isə dövlət məktəbəqədər təhsil müəssisələrində uşaqlara verilən biliyin standartlardan aşağı olmasıdır.

Əsli ƏHMƏDOVA