Gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi aparılıb


Baxıldı : 44

Tarix : 2017-11-24 23:37:48


Milli Məclisin noyabrın 21-23-də keçirilən iclaslarında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlərin müzakirəsi aparılıb.

Gündəliyə əsasən parlamentdə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının xərclər smetaları nəzərdən keçirilib.

Noyabrın 21-də ilk olaraq "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə edilib. İclasda Baş nazir  Artur Rasi-zadə və hökumət üzvləri də iştirak ediblər. Müzakirələr noyabrın 22-də də davam etdirilib. Gündəlikdəki məsələ ətrafında çıxış edən deputatlar 2018-ci ilin büdcə layihəsini yüksək dəyərləndiriblər. 

Sonuncu gün keçirilən iclasda Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" qanun layihələrini müzakirəyə təqdim edib.

Hadı Rəcəbli bildirib ki, "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi"ndə mədaxil və məxaric xərcləri  3 milyard 578 milyon 760 min manat təşkil edir. Gəlirlərin böyük bir qismi - 2 milyard 300 milyon manatı məcburi dövlət sığorta haqqları hesabına formalaşır. Bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlardan deyil, digər sığorta edənlər tərəfindən ödənilir. Fiziki şəxslərdən yığılan sığorta haqqları 60 milyon manata çatdırılmışdır. Bu da onu göstərir ki, ötən illə müqayisədə bütün göstəricilər üzrə büdcədə müsbət tendensiyalar, artımlar var. Vurğulanıb ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının məxaric hissəsinin təxminən 3,5 milyard manatı yəni 98 faizə qədəri bilavasitə əhaliyə ödənişlər hesabına olacaqdır.

O həmçinin deyib ki, İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 milyon 20 min manat təşkil edəcək. Bunun 17 milyon 726 min manatı büdcədən maliyyələşən təşkilatların, 53 milyon 567 min manatı digər sığorta edənlərin hesabına formalaşacaq.

Fondun büdcəsinin xərclərinin 35,8 milyon manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə,  1,6 milyon manatı peşə hazırlğına,  peşə yönümünün dəyişməsinə, 1,8 milyon manatı haqqı ödənilən  ictimai işlərin təşkilinə ayrılacaq. İşsizliyə görə sığorta ödəmələri hissəsi bu büdcədə 3 dəfə artırılaraq 33,5 milyon manat təşkil edəcək.  

Gündəlikdə duran növbəti məsələ "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsi bağlı parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Bildirib ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilib.

Komitə sədri qeyd etdi ki, 2018-ci il üçün yaşayış minimumu bu ilin təsdiq olunmuş göstəricisindən 11 faiz çoxdur.

Hadi Rəcəbli  "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsini təqdim edərək  bildirib ki, cari ildə olduğu  kimi  gələn ildə  də ölkə üzrə ehtiyac  meyarının həddi 116  manat  nəzərdə  tutulub.

İclasda müzakirəyə  çıxarılmış  məsələlərlə əlaqədar deputatlar öz münasibətlərini bildiriblər. Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova millət  vəkillərini  maraqlandıran  suallara  cavab veriblər.

Səslənən təkliflər, suallar bir daha nəzərdən keçiriləcək və dekabr ayının 1-də büdcə layihəsi Milli Məclisdə səsverməyə çıxarılacaq. 

Azər MUSTAFAYEV