Gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb


Baxıldı : 276

Tarix : 2018-03-02 21:40:54


“Sərhədçi” Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda “Atilla İdman Klubu” İctimai Birliyinin cüdoçuları da yüksək nəticə göstəriblər.

İki gün davam edən ölkə birinciliyində qızların yarışında Klubun xanım cüdoçuları Ramilə Əliyeva (44 kq.) və Şəfəq Həmidova (48 kq.) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. Günel Bəkirzadə (57 kq.) isə üçüncü yeri tutub. Oğlanların yarışında Elçin Hüseynov (66 kq.) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sabir İsmayılov (73 kq.) və Behrud Benzadi (100 kq.) isə üçüncü yerə sahib olublar.

Qalib gələn gənc cüdoçulara diplom və medallar təqdim olunub. İki gün davam edən respublika birinciliyində ümumi medal sayında “Judo Club 2012” Klubu birinci, “Atilla İdman Klubu” İB ikinci, “Qəbələ” Klubu isə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparıb.

Azər MUSTAFAYEV