Gənc işçilər daha çox risk qrupuna daxildirlər


Baxıldı : 37

Tarix : 2018-10-06 05:22:53


“Layiqli əmək Azərbaycan Respublikasında milli iqtisadiyyatın və sosial siyasətin əsas istiqamətlərindən hesab olunur. Təsadüfi deyil ki, hazırlanmasında həmkarlar ittifaqının da iştirak etdiyi, 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı qəbul edilmişdir. Bu Proqramın yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uzunmüddətli tədbirlər planı işləyib icrasını uğurla həyata keçirir”.

Bu sözlər oktyabrın 4-də Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Saatlı rayonunda “7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü”nə həsr olunmuş “Yeni nəslin sağlamlığı və təhlükəsizliyi” mövzusunda təşkil etdiyi zona seminarına məruzədə səslənmişdir. Məruzə ilə çıxış edən sahə Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev sonra demişdir, müzakirəsinə toplaşdığımız mövzu müasir dövrümüzün olduqca aktual məsələlərindəndir. Beynəlxalq Əmək Təşkilatının həyəcan doğuran statistik məlumatlarına görə, dünyada hər il zərərli və təhlükəli əmək şəraiti nəticəsində iki milyona yaxın işçi həyatını itirir.

Bir sıra səbəblərə görə gənc işçilər daha çox risk qrupuna daxil olurlar. Bu səbəblərə təcrübəsizlik, iş yerlərində mövcud təhlükələrin və qəza vəziyyətinin tam dərk edilməməsi, təhlükəsizlik texnikası və əməyin gigiyenasına dair biliklərin və təcrübənin azlığı, qanunvericilik barədə biliklərin zəif olması və sair daxildir.

Əbülfəz müəllim ölkəmizdə də gənclərin təhlükəsizliyi və sağlamlığı sahəsində vəziyyətin bir o qədər də qənaətbəxş olmadığını diqqətə çatdırdı. “Respublika Statistika Komitəsinin məlumatları da bunu təsdiq edir: “2016-cı ildə istehsalatda baş vermiş bədbəxt hadisələr üzrə zədə alanların sayı 92 nəfər olmuşdur. Bunlardan 40 nəfəri 18-29 yaş arasında olan gənclərdir. Düzdür, həmkarlar ittifaqının xidmətində olan müəssisələrdə işçilərin təhlükəsizliyi baxımından vəziyyət xeyli yaxşıdır. Amma tam qənaətbəxş deyil. Baxmayaraq ki, “xəsarətsiz istehsalat” məqsədini qarşıya qoyan həmkarlar ittifaqı təşkilatları böyük işlər görür. Tərəfdaşları ilə bağladığı Baş Kollektiv Sazişdə çalışır ki, bu məsələ konkret, dəqiq və ətraflı əksini tapsın. Hər il “Əməyin mühafizəsi və sağlam istehsalat” devizi altında Respublika baxış-müsabiqəsi keçirir. Qaliblər mükafatlandırılır. Yeri gəlmişkən bizim ittifaqın da müəssisələri bu müsabiqədə fəal iştirak edir və bir neçəsi qaliblər sırasında yer tutur”.

Ə.Mehdiyev çıxışının sonunda əmin olduğunu bildirdi ki, seminar iştirakçıları öz ərazilərində, müəssisələrində layiqli əmək prinsipinin pozulmaması istiqamətində fəaliyyətlərini, xüsusilə də maarifləndirmə işini daha da gücləndirəcəklər.

14 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin baş əmək müfəttişi Əliyar Əmirov çıxışında qeyd etdi ki, son illər istehsalatda təhlükəsizliyə nail olmaqdan ötrü mühüm addımlar atılıb. İş yerlərinin normalara uyğunlaşdırılması diqqətdə saxlanılır. Keçirdiyimiz yoxlamalar da mənə deməyə əsas verir ki, layiqli əməyə diqqət təkcə işçilərin sağlamlığının, təhlükəsizliyinin qorunmasına deyil, həm də iqtisadi göstəricilərin yüksəlməsinə ən yaxşı təminatdır.

Ə.Əmirov bu sahədə dövlət əmək müfəttişliyinin həmkarlar ittifaqı ilə əməkdaşlığının səmərəsindən də danışdı.

Tədbirdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova da iştirak edirdi.

***

Sahə Hİ Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev və baş texniki əmək müfəttişi Valeh Nağıyev oktyabrın 2 və 4-də Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında üzv müəssisə və idarələrdə işçilərin iş şəraiti ilə tanış olmuşlar.