Gənc işçilərin problemləri daim diqqət mərkəzindədir


Baxıldı : 106

Tarix : 2018-01-19 19:40:14


Uzun illərin təcrübəsi göstərir ki, həmkarlar ittifaqı hərəkatının modernləşməsi gənclərin fəal iştirakı olmadan və onların problemləri həll edilmədən mümkün deyildir. Bu fikir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında səslənən çıxışlarda da əksini tapmışdı. Təklif olunmuşdu ki, gənclərlə aparılan işin forma və metodları zamanın dinamikasına uyğun olaraq daim təkmilləşdirilsin, təşkilatın gənc üzvlərinin layiqli lider səviyyəsində yetişdirilməsi, seçkili orqanlarda aparıcı mövqe tutmasına nail olunsun. O da tövsiyə edilmişdi ki, həmkarlar ittifaqları gənc işçilərin sosial-iqtisadi problemlərinin həllini, bu sahədə ortaya çıxan problemlərinin vaxtında aradan qaldırılmasını diqqətdə saxlamalıdır.

Qurultayda səslənən bu məsələlər şuramız üçün əsas fəaliyyət hədəfləri olmuşdur. Bu hədəflərə çatmaqdan ötrü biz ilk növbədə gənc həmkarlar ittifaqı liderlərinin təcrübə və biliklər mənimsəmələrinə xidmət edən tədbirlər həyata keçirmişik.

Gənclərimizin bilik və təcrübəsinin artırılması məqsədilə onların beynəlxalq tədbirlərdə iştirakına üstünlük vermişik. Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK), digər beynəlxalq qurumların, eləcə də xarici ölkələrin həmkarlar ittifaqı mərkəzlərinin keçirdiyi konfranslarda, seminarlarda, digər formatlı görüşlərdə şuranın xətti ilə çox sayda gənc həmkarlar ittifaqı lideri, fəalı iştirak etmişdir. Onlar gündəlikdə duran məsələlərə münasibətlərini bildirmiş, təkliflərini səsləndirmiş, proqramlarını açıqlamışlar.

İtaliyanın Tulin şəhərində yerləşən Ümumdünya Təlim Mərkəzində hər il təşkil edilən kurslara Azərbaycan həmkarlar ittifaqlarının da gənc liderləri dəvət olunmuşlar. Artıq 6 ildir ki, Bakıda AHİK və BHİK birlikdə gənclərin problemləri ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir, layihələr həyata keçirir.

Yeri gəlmişkən deyim ki, Azərbaycan həmkarlar ittifaqlarının gənc liderləri də beynəlxalq həmkarlar ittifaqı hərəkatında özünü təsdiq etməyi bacarmışdır. Təşkilatımızın nüfuzunun bəhrəsidir ki, mən 2013-2017-ci illər ərzində Pan Avropa Regional Şurasının Gənclər Şurasının sədr müavini seçilmişdim.

Məlumat üçün deyim ki, hazırda həmkarlar ittifaqı üzvlərinin təxminən 21 faizi gənclərdir. Seçkili orqanlarda gənclərin sayı 11778 nəfərdir. Bunlardan 1750 nəfəri həmkarlar ittifaqı komitələrinin sədridir.

Təbii ki, hesabat ilində, səylərimizə baxmayaraq, aradan qaldırılması tam mümkün olmayan problemlər də kifayət qədərdir. Biz bu problemlər barədə növbəti V qurultayda ətraflı danışacaq, onların həlli yollarını araşdıracağıq.

 Tural SÜLEYMANOV,

AHİK-in Gənclər Şurasının sədri