Gənc kadrların hazırlığına lazımi şərait yaradılmalıdır


Baxıldı : 51

Tarix : 2018-10-06 05:05:33


“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası Gənclər Şurasının təşəbbüsü ilə Ümumdünya Turizm Gününə həsr olunmuş “Azərbaycan 2020:  gələcəyə baxış” adlı inkişaf  konsepsiyasında turizmin inkişaf strategiyası” devizi altında dəyirmi masa  keçirilmişdir. Həmkarlar ittifaqı liderləri, turizm və otel sahə işçiləri nümayəndələrinin  iştirak etdikləri tədbiri Federasiyanın vitse-prezidenti Cəmaləddin İsmayılov açaraq məlumat verdi ki,  BMT-nin Beynəlxalq Turizm Təşkilatı 1979-cu il sentyabrın 27-də Ümumdünya Turizm Gününü təsis etməklə başlıca məqsədi turizmin təbliği, onun sosial, mədəni, siyasi və iqtisadi tərəflərini dünya miqyasında nümayiş etdirmək, müxtəlif ölkə xalqları arasında sıx əlaqələrin yaradılmasıdır.  2001-ci ildən  Azərbaycan Beynəlxalq Turizm Təşkilatının üzvüdür. Bu gün sahədə çalışan bütün turizm şirkətlərinin əməkdaşları, muzey işçiləri, mehmanxana komplekslərinin rəhbərləri və işçi heyətinin peşə bayramı kimi qeyd olunur. Ölkəmiz turizm sahəsinin inkişafı üçün zəngin imkanlara malikdir. Bunun nəticəsidir ki, bu ilin 7 ayı ərzində respublikamıza 1,700 minə yaxın turist gəlib. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında da ölkədə turizmin inkişafı üzrə müvafiq hədəf və məqsədlər əks olunub. Bu konsepsiya gənc kadrların gələcəkdə işlə təmin olunmasına çox böyük töhfə verəcək.

Azərbaycan Kooperasiya Universitetinin marketinq və turizm xidməti kafedrasının müdiri, dosent Gülnisa Mustafayeva çıxışında qeyd etdi ki, turizmin inkişafına nail olmaq üçün sahələrdə dünya standartlarına uyğun xidmət edə biləcək kadrlar çalışmalıdır.

Turizm sahələrinin inkişaf etdirilməsi və peşəkar kadrların sayının artırılmasının vacibliyi onların nəzəri biliklərə yiyələnməsi ilə yanaşı, turizm şirkətləri və otellərdə təcrübə keçmələrini zəruri edir.

“Nyu Baku” otelinin və “Skaut” birliyinin rəhbəri Ceyhun Aşurov, “Bakı Turizm Ekskursiya” MMC-nin  direktoru  Əlixan Mürvətov təklif etdilər ki, otellərlə təcrübə keçmək üçün işəgötürən və təhsil ocaqları arasında müqavilə bağlanmalıdır, Turizm Agentliyi ilə həmkarlar ittifaqının birgə məlumat bazasının yaradılması da zəruridir.

Digər otel sahibləri çıxışlarında çox təəssüflə qeyd etdilər ki, Təhsil Nazirliyi yay mövsümündə gələcək kadrların təcrübəsini qadağan etmiş və bu təcrübə qış aylarına keçirilmişdir. Bu isə kadrların keyfiyyətli və peşəkar hazırlığına mənfi təsir edir.

“Xidmət-İş” Hİ Səbail Rayon Komitəsinin sədri Tofiq Qədimov, Xətai Rayon Komitəsinin sədri Roza Eyubova   müzakirələr zamanı təklif verdilər ki, irəli sürülmüş tələbləri gerçəkləşdirmək üçün təmsil olunan müəssisələrdə həmkarlar ittifaqı təşkilatının yaradılması zəruri olardı.                                  

Sonda C.İsmayılov qeyd etdi ki, bütün çıxışlarda toplantı iştirakçıları bildirdilər ki, gənclərin öz sənətinə mükəmməl yiyələnməsi üçün lazımi şərait yaradılmır. Buna görə də Federasiya tərəfindən gənclər üçün “Həyati əhəmiyyətli qərarlar” mövzusunda maarifləndirici seminarlar keçirilməlidir.

Əhəd İBADOV