Gənc üzvlərlə işə önəm verilir


Baxıldı : 138

Tarix : 2017-12-08 19:41:26


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin üzvlərinin təxminən yarısını gənclər təşkil edir. Ona görə də komitə fəaliyyətində gənc üzvlərlə işə böyük yer ayırır. Onların əmək, sosial hüquqlarının, sağlamlığının qorunmasına, istirahətlərinin, əyləncəsinin təşkilinə səy göstərir. İntellekt, vətənpərvər, ictimaiyyətçi vətəndaş kimi formalaşmalarına xüsusi önəm verir. Bütün bunlara nail olmaqdan ötrü tədbirlər planı hazırlanıb ilboyu həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin doğum günündə peşə məktəbi və kollec tələbələri arasında "Nə?" Harada? Nə zaman?" intellekt oyunları, şahmat, minifutbol, basketbol üzrə turnirlər təşkil edilir. İdman yarışlarına gənc müəllimlər də qatılırlar. Yeri gəlmişkən deyim ki, keçirdiyimiz yarışlar məktəblilərin və gənc müəllimlərin idmançı kimi potensialının üzə çıxarılması baxımından çox əhəmiyyətli olur.

Məsələn, yuxarı siniflərdə təhsil alan oğlanlardan və qızlardan ibarət rayon voleybol yığma komandaları respublika turnirlərində müvafiq olaraq birinci və üçüncü yerləri tutmuşlar. 10 nömrəli tam orta məktəbin gənc müəllimi Tural Babayev şahmat üzrə Respublika birinciliyində rayonumuzu şərəflə təmsil etdi. Yarışların qalibi oldu.

Əlamətdar günlərin qeyd edilməsinə şəhər komitəsi həm də tarixi yaddaşımızın yenilənməsi, gənc nəslə ötürülməsi vasitəsi kimi yanaşır. 9 Noyabr Dövlət Bayrağı Günü, 28 May Respublika Günü, 20 Yanvar, Xocalı soyqırımı günləri keçirilən yığıncaqlarda mühazirələr dinlənilir, həmin vaxtlarda baş vermiş hadisələrin mahiyyəti açıqlanır.

Respublikamızın tarixi, mənzərəli guşələrinə səyahətlər təşkil olunur. Bu səyahətlər zamanı gənclər ölkəmizi daha yaxından tanıyır, ona məhəbbətləri daha da artır.

Şəhər komitəsi gənclərin pis vərdişlərə qoşulması, gələcəyin layiqli ailə başçısı, xanımı kimi yetişməsi istiqamətində də işlər görür. "Narkomaniyaya "yox" deyək", "Gənc ailələrə dəstək", "Qadın zorakılığına", "Erkən nikaha" qarşı mübarizə devizləri altında keçirilən seminarlar bu işin tərkib hissələridir.

Əlbəttə, şəhər komitəsinin gənclərə qayğısı çoxşaxəlidir. Mən yalnız bunlardan bir qismini oxucularımıza təqdim etdim.

Ziyafət XASİYEVA,

Təhsil İşçiləri Azad Hİ Şəki Şəhər Komitəsinin sədri