Gənclər kənd məktəblərini niyə seçmirlər?


Baxıldı : 63

Tarix : 2017-10-20 17:48:36


Bu gün ölkənin regionlarında, xüsusən də kənd yerlərində müəllim və həkimlərə böyük ehtiyac var.  Elə dağ kəndləri var ki, orada yaşayan şagirdlər təhsil almaq üçün rayon mərkəzlərinə gəlirlər.  Bəs, görəsən, gənc müəllimlər, həkimlər niyə onlara ehtiyac duyulan kənd yerlərinə gedib işləmirlər?

Təhsil üzrə ekspert Kamran Əsədov bu məsələnin bir neçə səbəbinin olduğunu dedi: "İlk növbədə bildirim ki, 2009-cu ildən etibarən Bakı şəhəri üzrə orta ümumtəhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin mərkəzləşmiş qaydada işə qəbulu həyata keçirildi. Bu proses 2011-cil ildən etibarən bütün ölkə ərazisini əhatə etməyə başladı. Qeyd edim ki, buna qədər müəllimlərin işə qəbulu məktəb direktorları və rayon təhsil şöbələri tərəfindən həyata keçirilirdi. Statistikaya nəzər salsaq, 2017-ci ildə orta məktəblərdə olan 8 min vakant müəllim ştatına qarşı 47 min müəllim sənəd vermişdi. Namizədlərdən cəmi 5 min nəfəri birinci mərhələdə, 900 nəfəri isə ikinci mərhələdə bu istəklərinə nail olmuşdur".

Müəllimlərə verilən güzəştlərin azlığından danışan ekspert bildirdi ki, bu proses gənclərin rayon və kənd yerlərində işləməsinə bir o qədər də stimul vermir: "Proqrama əsasən, rayon yerlərinə işləməyə gedən gənc müəllimlərə güzəştlər tətbiq edilməyə başlanıldı. Birinci güzəşt ondan ibarətdir ki, əgər müəllimlərin işlədiyi kənd məktəbi rayon mərkəzindən 20 kilometrdən kənarda yerləşirsə, yaxud da şəxs özünün qeydiyyatda olmadığı ərazidə çalışırsa, əlavə 100 manat pul ödənilir. Bu qərar artıq 3 il qüvvədə olsa da, gözlənilən nəticə əldə edilməyib. Çünki ödənilən əlavə 100 manatla kiminsə özünə yaşayış infrastrukturu qurması real deyil. Gənc müəllimlərimizi kənd və rayonlarda tədrisə cəlb etmək üçün, hesab edirəm ki, onlara xüsusi güzəştlər verilməlidir. Bu hansılardır? 1-2 otaqlı mənzil, yaxud da dövlət həmin şəxslərə birdəfəlik məbləğlər, kiçik faizlə kreditlər verməlidir. Artıq Finlandiya, Cənubi Koreya, Sinqapur və Rusiya kimi ölkələr bu təcrübədən yararlanır. Rusiyada şəhərdən kənd yerlərində işləməyə gedən müəllimlər ev və maşınla təmin olunurlar. Əgər bu təcrübə bizdə olmayacaqsa, o zaman bölgələrimizdə təhsilin keyfiyyəti arta bilməz. Digər vacib addım isə, müəllimlərin bütün kommunal və nəqliyyat xərclərindən azad edilməsidir".

İşə qəbul prosesinin çətinliyindən danışan K.Əsədov dedi ki, bu problemi aradan qaldırmaq üçün yerlərdə birbaşa təyinat prinsipi həyata keçirilməlidir: "Bu gün pedaqoji yönümlü universitetlərin 4-cü kurs məzunlarına işə birbaşa imtahansız qəbul hüququ verilməlidir. Əgər dövlət özünün hazırladığı kadrı sonradan imtahanla işə qəbul edirsə, bu o deməkdir ki, həmin kadrın təhsilinə inanmır. Necə olur, xaricdə dövlət proqramı ilə təhsil alan şəxsi biz imtahansız, amma özümüzün təhsil verdiyimiz məzunları isə imtahanla işə qəbul edirik".

Bu problem, təəssüf ki, tibb sahəsində də özünü göstərir. "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə əlaqədar bölgələrdə yüksək texnologiyalarla təchiz olunmuş tibb müəssisələrinin fəaliyyət göstərməsinə baxmayaraq, imtiyazların çox az olması gəncləri paytaxta və ölkə xaricinə üz tutmağa vadar edir.

Aliyə SƏMƏDOVA