Gənclərdə həmkarlar ittifaqı fəaliyyətinə maraq artır


Baxıldı : 102

Tarix : 2018-01-05 23:29:52


"Ötən 5 ildə sıralarımızda gənclərin sayı xeyli artmışdır. Bu, təvazökarlıqdan kənar olsa da, həm təşkilatımızın yeritdiyi gənclər siyasəti, həm də gənclərin sahə həmkarlar ittifaqı sıralarında öz potensiallarını daha qabarıq büruzə vermək imkanı əldə etmələri ilə əlaqədardır".

Bu sözləri müxbirimizə Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Zenfira Bünyatova dedi.

Zenfira xanım əvvəlcə gənc üzvlərlə aparılan təşkilati, maarifləndirmə işlərini diqqətimizə çatdırdı. Bildirdi ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının növbəti 5 il üçün müəyyənləşdirdiyi gənclər siyasəti təşkilatmız tərəfindən yaradıcılıqla, sahəmizin xarakterik xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilmişdir.

Bildirdi ki, Respublika Komitəsinin nəzdində yaradılmış Gənclər Şurası xüsusi fəallıq göstərmişdir. Şuranın üzvləri, Respublika Komitəsinin təsdiq etdiyi plana uyğun olaraq, vaxtaşırı bölgələrə, müəssisələrə gedir, gənclərlə görüşür, problemlərini öyrənir, təkliflərini dinləyir. Görüşlərdən əldə etdikləri məlumatlar əsasında fəaliyyətinin növbəti istiqamətlərini müəyyənləşdirir.

Respublika Komitəsinin təşkilatçılığı ilə müxtəlif formatlı tədbirlər təşkil olunur. Gəncləri narahat edən, peşəkar sahibkar, fəal vətəndaş kimi formalaşmalarına müsbət təsir göstərə biləcək mövzularda seminarlar, dəyirmi masalar keçirilir. Bu tədbirlər gənclərdə həmkarlar ittifaqı işinə də marağı artırır. Özünü həmkarlar ittifaqı sıralarında işləməkdə tapanlar da az olmur. Bunu statistik rəqəmlərdən də görmək olur. Müqayisə üçün deyək ki, 2012-ci ildə təşkilatımızın üzvlərinin 40 faizi gənclər idi. 2017-ci ildə bu göstərici 65 faizə bərabər olmuşdur. Yüksək təşkilatçılıq bacarığına malik, savadlı gənclər diqqətdən kənarda qalmır. Onlar seçkili həmkarlar ittifaqı orqanlarına seçilir, rəhbər vəzifələrə irəli çəkilirlər.

Sədr müavini bizimlə söhbətində onu da dedi ki, təşkilatımız AHİK-in IV qurultayında müəyyənləşdirilmiş gənclər siyasətini uğurla həyata keçirməyə səy göstərmişdir. Demək olar ki, buna nail də olmuşdur.

Aliyə SƏMƏDOVA