Gənclərin hərtərəfli inkişafı daimi diqqətdə saxlanılır


Baxıldı : 55

Tarix : 2017-12-01 22:25:06


Noyabrın 27-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının II Məclisinin iclası keçirildi. İclası giriş sözü ilə sahə Hİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev açdı.

O, Məclisin gündəliyini təqdim etdi. Birinci məsələ - "Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində TİAHİ Respublika Komitəsinin və üzv təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr" barədə Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə danışdı. Dedi ki, tələbə-gənclərin elmə, təhsilə və ictimai işlərə marağının artırılması məqsədilə artıq 22 ildir yay və qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəblərin tələbələrinə Respublika Komitəsinin adlı təqaüdü verilir. Bu günə qədər 2148 tələbə adlı təqaüdə layiq görülmüşdür.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş ənənəvi müsabiqədə respublikanın bütün ümumtəhsil müəssisələrinin şagirdləri iştirak etmiş və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Respublika Komitəsi Təhsil Nazirliyi və Milli Elmlər Akademiyası ilə birgə artıq altı ildir ki, orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Sabahın alimləri" müsabiqəsinin təşkili və keçirilməsində yaxından iştirak edir. Keçirilən bu tədbirdə ölkəmizin ən istedadlı şagirdləri elmin müxtəlif sahələrində öz bacarıqlarını nümayiş etdirmişlər. Müsabiqənin qalibləri isə Respublika Komitəsinin vəsaiti hesabına Amerika Birləşmiş Ştatlarında ölkəmizin şərəfini qorumaq hüququ qazanmışlar.

Respublika Komitəsinin vəsaiti hesabına aztəminatlı təbəqələrdən olan tələbələr üçün hər il pulsuz nahar yeməyi təşkil edilir. Hazırda həmin güzəştdən respublikamızın 16 ali təhsil müəssisəsinin 230 tələbəsi bəhrələnir.

Tələbələrin milli-mənəvi irsimizə, mədəniyyətimizə hörmətlə yanaşması, həmçinin istedadlı gənclərin üzə çıxarılması məqsədilə Respublika Komitəsi Təhsil Nazirliyi ilə birgə uzun illərdir ali məktəb tələbələrinin bədi-yaradıcılıq Festivalını keçirir. 2004-cü ildən etibarən həmin Festival ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunur. 2017-ci ildən Festivalda ali məktəb tələbələrindən başqa, kollec və peşə məktəblərinin gəncləri də iştirak edirlər.

İki ildən bir Respublika Komitəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, "Gənclik" Tələbə-İdman Cəmiyyəti Respublika Şurası ilə birgə ali məktəb tələbələrinin universiadasını və orta ixtisas təhsili müəssisələri tələbələrinin spartakiadasını, digər illərdə isə müxtəlif idman növləri üzrə çempionatlar keçirir. Bundan əlavə, son illər Respublika Komitəsi ali məktəb tələbələri arasında futzal üzrə də idman yarışları təşkil etmiş, ali məktəblərin tələbə həmkarlar ittifaqı komitələrinin yaxından iştirak etdiyi bu tədbirdə minlərlə tələbə öz güclərini sınamışdır.

Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutan ənənəvi "Nə? Harada? Nə zaman?" bilik yarışı isə tələbə-gənclərin intellektual səviyyələrinin və dünya-görüşlərinin artırılmasında əvəzsiz rol oynayır.

Respublika Komitəsi tərəfindən son illərdə Novruz bayramı və Silahlı Qüvvələr günü ərəfəsində Füzuli, Beyləqan və Qusar rayonlarında yerləşən hərbi hissələrin əsgər və zabitləri ilə gənclərin görüşləri təşkil edilmiş, onlara bayram sovqatları, geniş konsert proqramı təqdim olunmuşdur.

Natiq bildirdi ki, artıq dördüncü ildir Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının elan etdiyi "İlin peşəkar gənci" müsabiqəsində iştirak edir. Əsas məqsədi yaradıcı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, əmək fəaliyyətinə marağın artırılması və həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın gücləndirilməsi olan müsabiqədə üzv təşkilatlar fəal iştirak etmiş və qalib adını qazanmışlar.

M.Cəfərzadə məruzədə Respublika Komitəsinin fəaliyyətinin digər sahələrinə də toxundu.

Məruzə ətrafında çıxışlar dinlənildi. Sonra Respublika Komitəsinin ştat cədvəli, daimi komissiyaların, təftiş komissiyasının tərkibi təsdiq olundu. AHİK-in V qurultayına nümayəndələr, Məclisinə və İcraiyyə Komitəsinə üzvlər seçildi.

Tədbirdə Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev yekun sözü söylədi. Gündəlikdə duran məsələlərə münasibətini bildirdi.

Sonda ittifaqın bir qrup işçisinə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 25 illik yubiley Fəxri Fərmanı təqdim edildi.

Bəyalı RZAYEV