Gənclərin II Forumu: Problemlər


Baxıldı : 37

Tarix : 2019-10-04 18:11:16


Sentyabrın 28-dən oktyabrın 1-dək Xaçmaz rayonunda mədəniyyət işçiləri həmkarlar ittifaqı üzvü olan gənclərin II Forumu keçirilib.

Mədəniyyət  İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan Forumun iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.

Forumun təşkilatçılarını və bir qrup iştirakçısını Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qəbul edib. O, sahə həmkarlar ittifaqının rəhbərliyinin və kollektivinin bu təşəbbüsünü alqışlamış, onun yüksək səviyyədə həyata keçirilməsinə dəstək verəcəyini söyləmişdir.

Qurum öz işinə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində başlamışdır.

Respublika Komitəsinin sədri Cəmilə Səttarova giriş sözü ilə çıxış edərək Forumun məqsədlərindən, əhəmiyyətindən, ölkədə aparılan uğurlu gənclər siyasətindən danışıb, dövlət tərəfindən bu sahəyə göstərilən qayğı və diqqəti yüksək qiymətləndirib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət gənclərin hərtərəfli vətəndaş kimi formalaşması, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edir.

Bildirmişdir ki, qurumun gənclərlə bağlı digər tədbirlərinin əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gənclər siyasəti durur. Şəxsən AHİK sədri, millət vəkili Səttar Möhbalıyev öz çoxcəhətli fəaliyyətində gənclərə böyük diqqət ayırır. Onların cəmiyyətimizə layiq, hərtərəfli vətəndaş kimi formalaşması naminə səlahiyyət və səylərini əsirgəmir.

C. Səttarova onu da deyib ki, bu il Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi Seyid Əli İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyidir. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlar imzalayıb. Bunu nəzərə alaraq gənclərin iştirakı ilə keçirilən forum çərçivəsində dahi şairin irsinin təbliğinə xüsusi önəm verilib.

Forumda Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Məsimova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxış edərək ölkəmizdə gənclər üçün hər cür şərait yaradıldığını, onların sosial vəziyyətinin yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və gənclər arasında sağlam həyat tərzinin təbliğinin dövlətimizin diqqətində olduğunu qeyd ediblər.

Tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib.

AHİK-in Gənclər Şurasının sədri Tural Süleymanov “Gənclərin məşğulluq siyasəti, qəbul olunmuş dövlət proqramları, hüquq şöbəsi müdirinin müavini Ruslan Bağırov gənclərin əmək hüquqları, BƏT-in konvensiyaları, həmkarlar ittifaqları haqqında qanun və milli qanunvericiliklə tənzimlənməsi, TİAHİ-nin təşkilat şöbəsinin mütəxəssisi Nəsimi Cəfərov Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının gənc üzvlərinin fəaliyyəti haqqında, MİHİ-nin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Zaur Həmidov sahə Hİ şəhər və rayon komitələri və ilk həmkarlar ittifaqı təşkilatlarında işləyən gənclər arasında işin təşkili və MİHİ-nin strukturu mövzularında çıxışlar etmişlər.

Forum işini 4 işçi qrupunda davam etdirmişdir. Qruplarda səslənən təkliflər geniş müzakirə  olunmuşdur.

Forumun növbəti günlərində isə gənc iştirakçılar arasında stolüstü tennis, voleybol və üzgüçülük yarışları keçirilmişdir.

Tədbirdə “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.

Əsli ƏHMƏDOVA