“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər”


Baxıldı : 132

Tarix : 2019-01-27 07:23:00


Yanvarın 23-də Bakıda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

Konfransın açılış sessiyasında giriş sözü söyləyən ASK-nın prezidenti Məmməd Musayev Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin son illər sürətli inkişafa nail olduğunu, xalqımızın rifah səviyyəsinin yüksəldiyini, dövlətimizin dünyada nüfuzunun artdığını deyib.

O, əmək bazarının tələblərinə uyğun yüksək təhsil və təlimin təşkili, dayanıqlı iqtisadi artım, əmək bazarına aid təkmil analiz və statistika, həssas qrupların əmək bazarına inteqrasiyası və sair barədə danışıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli konfransın əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan məşğulluq sahəsində göstəricilərinə görə dünyada ən yaxşı mövqelərdən birinə malikdir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək deyib ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifahının yaxşılaşdırılmasına hədəflənən genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar gənclərin məşğulluq səviyyəsinin yüksəldilməsinə də müsbət təsir göstərir. Təsadüfi deyil ki, hazırda respublikamız Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan qabaqcıl ölkələr sırasına qoşulmuşdur. Bu təşəbbüs BƏT-in texniki yardımı vasitəsilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənmişdir.

Məlum olduğu kimi, hörmətli Prezidentimiz ötən il sentyabrın 15-də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını təsdiq etmişdir. Proqrama uyğun olaraq tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına “Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi” adlanan xüsusi bölmə salınmışdır. Bölmədə gənclərin, müəyyən edilmiş kvotaya əsasən, müəssisə və təşkilatlarda işlə təmin olunmasına dövlət tərəfindən nəzarətin gücləndirilməsi vurğulanır.

Səttar müəllim demişdir, Azərbaycanda gənclərin sayı sürətlə artmaqdadır.

Statistik məlumatlara əsasən, Azərbaycanda 2018-ci ilin əvvəlinə   5073,8 min nəfər iqtisadi fəal əhalinin 103,9 min nəfəri və ya  2,0 %-i 15-19 yaşında, 505,4 min nəfəri və ya 10 %-i 20-24 yaşında,  753,0 min nəfəri və ya 14,8%-i 25-29 yaşında olanlardır. İqtisadiyyat sahəsində çalışan əhali arasında gənclərin xüsusi çəkisi 25,6% təşkil edir.

Dövlət Statistika Komitəsinin 01 yanvar 2018-ci ilə olan məlumatına görə, ölkə üzrə rəsmi işsizlərin sayı 38,5 min nəfərdir. Bu rəqəmin 21,9 mini ali təhsillilərin payına düşür.

Hökumət, işəgötürənlər və AHİK arasında 2018-ci il fevralın 7-də bağlanmış Baş Kollektiv Sazişdə gənclərin məşğulluğuna dair öhdəliklər əksini tapmışdır:

 - gənclərin məşğulluq imkanlarını artırmağa, onları kənd yerlərində çalışmağa həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən tədbirlər həyata keçirmək;

- ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq;

- məşğul, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq təcrübəyə əsaslanan işsizlikdən sığorta sistemini formalaşdırmaq və tətbiqini həyata keçirmək;

- valideyn himayəsindən məhrum olub, dövlət uşaq müəssisələrində yaşayan uşaqların oranı tərk etdikdən sonra təhsil almasına və iş yeri ilə təmin olunmasına köməklik göstərmək;

- ölkə və regionlar üzrə məşğulluq proqramlarının həyata keçirilməsi üçün ayrılmış vəsaitin səmərəli istifadə olunmasına nəzarəti gücləndirmək.

Əhalinin, o cümlədən gənclərin məşğulluq problemlərinin həlli yolları həmçinin Layiqli Əmək üzrə Ölkə Proqramında və “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası”nda  öz əksini tapmışdır. Strategiyada “əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisini 2030-cu ilədək 15%-ə endirmək” və “2025-ci ilədək bütün əhali qrupları (xüsusilə gənclər, qadınlar və əlilliyi olan şəxslər) üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olmaq hədəf götürülmüşdür.

S.Möhbalıyev AHİK-in nəzdində yaradılmış Gənclər Şurasının fəaliyyətindən də danışdı. Bildirdi ki, bu qurum gənclərin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi, onların həmkarlar ittifaqı işinə cəlb edilməsi və təşkilatlanması üçün böyük işlər görür.

AHİK-in İcraiyyə Komitəsində “Azərbaycan gənclərinin məşğulluğu və həmkarlar ittifaqlarının mövqeyi” məsələsi müzakirə olunmuş və gənclərin məşğulluğunu təmin etmək üçün həmkarlar ittifaqlarının bütün imkanlarından istifadə etmək məqsədilə üzv təşkilatların vəzifələri müəyyənləşdirilmişdir.

AHİK sədri çıxışını gündəlikdə duran məsələnin həllinə yönəlmiş bir neçə təkliflə bitirdi:

- texniki-peşə təhsilində islahatların aparılması və əmək bazarının tələbatına uyğunlaşdırılması;

- əmək şəraitini yaxşılaşdırmaq, iş yerlərinin keyfiyyətini və gənclərin müdafiə təminatını yüksəltmək;

- peşə ixtisaslarının və biliklərinin inkişaf strategiyasını işləyib hazırlamaq;

- regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası ilə əlaqədar regionlarda yeni yaradılacaq müəssisələrdə gənclərin işlə təmin olunması üçün xüsusi kvotaların müəyyənləşdirilməsi.

Səttar müəllim “İşçi qüvvəsinə qoyulan investisiyalar müasir texnologiyanın tətbiq edilməsində stimullaşdırmanın ayrılmaz hissəsidir”, - dedi.

Açılış sessiyasında həmçinin Təhsil nazirinin müavini İdris İsayev, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzanın çıxışları dinlənilmişdir.

Konfransda aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin, sahibkarların iştirakı ilə gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət, müasir dövrün çağırışları, perspektivlər mövzusunda beynəlxalq ekspertlərin, eləcə də yerli mütəxəssislərin təqdimatları, təhsil və bacarıqlar, gənclərin sahibkarlığı və qanunvericilik mövzularında panel sessiyalar keçirildi.

Beynəlxalq Əmək Təşkilatının “Əməyin gələcəyi” mövzusunda hazırladığı qlobal hesabatın təqdimatı oldu.

“Əlverişli qanunvericilik və əmək münasibətləri” mövzusunda baş tutan panel iclasda AHİK-in hüquq şöbəsinin müdiri Leyla Acalova da çıxış etdi.

Azər MUSTAFAYEV