“Gənclərin məşğulluğu, kollektiv danışıqlar və mübahisələrin həlli”


Baxıldı : 35

Tarix : 2019-06-07 12:30:17


Mayın 17-də Quba rayonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı və Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə “Gənclərin məşğulluğu, kollektiv danışıqlar və mübahisələrin həlli” mövzusunda seminar keçirilmişdir. Tədbirdə AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov gənclərin məşğulluğunun təminatında həmkarlar ittifaqlarının vəzifələri barədə çıxış etmişdir. Demişdir ki, məşğulluqla bağlı məsələlər Baş Kollektiv Sazişdə götürülən öhdəliklərdə əksini tapır, Sosial və Əmək Münasibətlərinin Tənzimlənməsi üzrə Milli Üçtərəfli Komissiyanın, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının iclaslarında vaxtaşırı müzakirəyə çıxarılır. Bu iclaslarda gənclərin məşğulluğuna dair gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir, konkret tədbirlər planı təsdiqlənir.

Şöbə müdiri dedi, son bir neçə ildə hüquqi sənədlər və idarəetmə xeyli təkmilləşdirilib, qeyri-rəsmi məşğulluğa qarşı biliklərin daha geniş təşviqi, monitorinq və qiymətləndirmə sisteminin yaradılmasına dair işlər gücləndirilib. Yeni elektron xidmətlər istifadəyə verilib, işsizlikdən sığorta haqqında qanun qüvvəyə minib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində peşəyönümlü kurslar açılıb, iş təcrübəsi olmayanlarla bağlı layihə həyata keçirilib. İşəgötürənlər 6 ay müddətində bu şəxslərin əməkhaqqını subsidiya vasitəsilə ödəyib və özünü təsdiqləyənləri işlə təmin ediblər. Bir sıra universitetdə virtual müəssisələr kabineti yaradılıb ki, tələbələr oxuduqları ixtisas üzrə müəyyən təcrübə əldə etsinlər. Əmək yarmarkaları vasitəsilə iş yerləri ilə təminat, peşə hazırlığı kurslarına cəlbolunma, ictimai işlərə yönəltmə, peşəyönümlü məsləhətlərin verilməsi və s. tədbirlər davam etdirilir. Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb ki, sahələr üzrə mütəxəssislər yetişdirsinlər.

N.Hüseynov tədbir iştirakçılarının diqqətinə AHİK-in tövsiyələrini də çatdırdı. Dedi ki, layiqli əmək və məşğulluq siyasətinin təkmilləşdirilməsi, orta əməkhaqqının artırılması, işsizliyin aradan qaldırılması, məşğulluğun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması,  sosial dialoqun inkişafı, kollektiv müqavilələr və tarif sazişlərinin sayının artırılması, təlim və maarifləndirmə işlərinin gücləndirilməsi və gənclərin maraq və ehtiyaclarının təmin olunmasına aid məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır. Biz bu tövsiyələri reallaşdırmaqla “Layiqli Əmək üzrə Ölkə Proqramı”nın həyata keçirilməsinə, qeyri-formal iqtisadiyyatın leqallaşdırılmasına, işdə ayrı-seçkilik problemlərinin aradan qaldırılmasına dəstək göstərmiş oluruq.

AHİK-in əməyin hüquq müfəttişi Ruslan Bağırov “Əmək Məcəlləsi ilə kollektiv danışıqlar və mübahisələrin həlli yolları” mövzusunda çıxış etdi. Əvvəlcə diqqəti əmək mübahisələrinin predmetinə çəkdi. Kollektiv əmək mübahisələrinin tərəflərindən biri kimi həmkarlar ittifaqlarının hüquq və rolundan söz açdı. Bildirdi ki, işçilərin əmək, sosial, iqtisadi maraqlarından irəli gələn məsələlərin ortaya atıldığı vaxt həmkarlar ittifaqının operativ müdaxiləsi nəticəsində kollektiv mübahisələrin barışdırıcı üsullarına ehtiyac qalmır. Mübahisə yerindəcə həllini tapır.

R.Bağırov sahə həmkarlar ittifaqlarının üzv təşkilatlarının təcrübəsindən gətirdiyi konkret misallarla fikrini təsdiqlədi.

Seminarda AHİK-in Təşkilat şöbəsinin müdir müavini Əli Cəfərovun “Kollektiv mübahisələrin həlli yolunda həmkarlar ittifaqının rolu”, Zəhmətkeşlərin əməyinin və  sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinin baş mütəxəssisi Arif İbrahimovun “Sosial dialoq vasitəsilə kollektiv mübahisələrin həllinin əhəmiyyəti” mövzularında çıxışları dinlənildi.

Bəyalı RZAYEV