“Gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” layihəsinin ikinci fazası işə salınır


Baxıldı : 186

Tarix : 2018-02-24 01:09:42


 

Dünya iqtisadi böhranı Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin bazarlarında gənclərin onsuz da mürəkkəb olan vəziyyətini gərginləşdirib.

Belə ki, subregionda: iş axtarmağa  can atan insanların sayının artması; layiqli iş yerləri problemi, qeyri-formal məşğulluğun geniş yayılması; iqtisadiyyatın artımının məşğulluğun artmasına zəif təsiri; işçilər və işəgötürənlər arasında münasibətlərin dəyişməsi, distant məşğulluğun çoxluğu; məşğulluq institutlarının yenilənməsi ehtiyacı müşahidə olunur. Bu və bir çox başqa məsələlərin həllinə cavablar axtarılır. Gənclərin məşğulluq böhranı Beynəlxalq Əmək Konfransının (BƏK) gündəliyinə çıxarılıb (2012-ci il). 185 ölkənin hökumət nümayəndələri, sahibkarlar təşkilatları və həmkarlar ittifaqları gənclərin məşğulluq böhranının aradan qaldırılması ilə əlaqədar təcili ölçülər götürülməsini bildirmişdilər. Bu çağırışlara cavab olaraq “LUKOYL” şirkətinin maliyyəsi ilə BƏT tərəfindən “Gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” layihəsi hazırlandı. Artıq bu layihəyə Braziliya, Çin, Hindistan və Cənubi Afrika ölkələri də qatılıblar.

Cari il fevralın 13-dən 17-nə qədər İtaliyanın Turin şəhərində yerləşən Beynəlxalq Treninq Mərkəzində Şərqi Avropa, Mərkəzi Asiya və BRİCS ölkələri üçün “MDB dövlətlərində gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” layihəsinin II fazası çərçivəsində konfrans keçirilmişdir. Burada Azərbaycan, Qazaxıstan, Rusiya Federasiyası, Özbəkistan, Qırğızıstan, Tacıkistan, Gürcüstan, Ermənistan, Braziliya və Çin  dövlətlərinin hökumət, həmkarlar ittifaqı və işəgötürənlər təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbirdə məsul şəxslərin və ekspertlərin məruzələri dinlənildi, layihənin yeni fazasının strategiyası barədə məlumat verildi. Bildirildi ki, BƏT-in baş direktoru Qay Rayder və Rusiyanın “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərov 2018-2022-ci illərdə gənclərin məşğulluğu sahəsində təşəbbüslərin həyata keçirilməsi məqsədilə əməkdaşlığın davam etdirilməsi barədə saziş imzalayıblar. Gələcək fəaliyyət BMT-nin Qlobal çağırışı əsasında gənclərə layiqli iş yerlərinin yaradılması istiqamətində qurulacaqdır.

Konfrans günlərində “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin əmək sferasında tendensiyalar”, “Gənclərin məşğulluğu sahəsində korporativ siyasət, BƏT ilə əməkdaşlıq”, “Gənclərin məşğulluğu sahəsində Avropa Birliyində vəziyyət və innovasiyalar” üzrə məlumatlar, BƏT-in Mərkəzi Ofis mütəxəssislərinin video və əyani prezentasiyaları, MDB ölkələri, Gürcüstan, Braziliya və Çinin təcrübəsi ilə bağlı ekspert açıqlamaları və tövsiyələr dinlənildi. İştirakçılar 2013-2017-ci illəri əhatə edən “MDB dövlətlərində gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” layihəsi üzrə görülmüş işlərə və əldə olunmuş nəticələrə münasibət bildirərək təkliflər irəli sürdülər.

Xüsusi önəm qrup işlərinə verilmiş, adıçəkilən ölkələrin əmək bazarı, gənclərin məşğulluğu, peşə yönümü və peşə təhsili sahəsində qabaqcıl təcrübələrin tətbiqi imkanları araşdırılmışdır. “Yaşıl iqtisadiyyata keçid və gənclərin məşğulluğu”, “Gənclərin məşğulluğunda gender aspektləri”, “Əməyin gələcəyi”, “Əmək bazarı institutları”, “Kənd yerlərində sahibkarlığın inkişafı, formal iqtisadiyyata keçid” mövzuları üzrə təqdimatlar keçirildi. Əmək bazarına təsir göstərən makroiqtisadi aspektlər, dövlət məşğulluq xidmətləri, əmək bazarında aktiv və passiv proqramlar, gənclərin məşğulluğunu stimullaşdıran tədbirlər, müsbət təcrübələr, gənclərin sosial müdafiəsinin inkişafı, peşə yönümü xidmətlərinin və məqsədli proqramların hazırlanması və həyata keçirilməsində ölkələrin rolu və yeri müəyyənləşdirilmiş, subregion ölkələri üçün tövsiyələr səsləndirilmişdir.

Tədbirin yekun günü “COMAU” sənaye robotları şirkətinə tanışlıq səfəri edən konfrans iştirakçıları müəssisənin hökumət, təhsil ocaqları və özəl sektorla partnyorluq əməkdaşlığı təcrübəsi barədə geniş məlumat da əldə etdilər. Bu müəssisə 1973-cü ildən 17 ölkədə 9 min nəfər işçi ilə fəaliyyət göstərir, İtaliyanın Pyemont regionu tərəfindən vergi güzəştləri ilə dəstəklənir. Kadr siyasətində daha çox gənclərə önəm verilir.

Konfransda AHİK-in şöbə müdiri Namiq Hüseynov “Gənclərin əmək bazarında milli tendensiyalar və çağırışlar” mövzusunda prezentasiya ilə çıxış etmişdir.