“Gənclərin məşğulluğu və iş dünyasının gələcəyi”


Baxıldı : 49

Tarix : 2017-11-10 22:32:56


Noyabrın 6-da Bakı Biznes Mərkəzində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Pan Avropa Regional Şurasının (PARŞ) Gənclər Komitəsinin "Gənclərin məşğulluğu və iş dünyasının gələcəyi" mövzusunda beynəlxalq  konfrans keçirilib.

Tədbir öncəsi konfrans iştirakçıları Fəxri xiyabana gedərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.  Görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri düzüblər. Daha sonra  Şəhidlər xiyabanına  gedən qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini yad ediblər.

Konfransda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının   və Pan Avropa Regional Şurasının  vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev iş dünyasının gələcəyi,  əmək münasibətlərində baş verəcək dəyişikliklər və çağırışlar baxımından işçilərin hüquq və mənafelərinin müdafiəsində həmkarlar ittifaqlarının rolunun diqqət mərkəzində olacağını bildirib: " Ona görə də bugünkü tədbir  həlli vacib olan problemə həsr olunub. Biz birlikdə əmək sferasının mühüm iştirakçısı olan gənclərin məşğulluğu ilə bağlı məsələləri müzakirə edirik. Əminəm ki, konfransda yeni məşğulluq növlərində və  sektorlarda çalışan işçilərin həmkarlar ittifaqı sıralarına cəlb edilməsi istiqamətində də müvafiq təkliflər irəli sürüləcəkdir. Biz həmkarlar ittifaqlarının həmrəyliyini və sosial dialoqu əsas tutaraq  ölkələrimizdə  iqtisadiyyatin inkişafına töhfələrimizi verib, sosial-ədalət prinsipinin həyata keçirilməsində  daha aktiv iştirak etməliyik".

S.Möhbalıyev vurğulayıb ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünyagörüşünə malik gənclərin yetişdirilməsi, onların  məşğulluğu hər bir ölkə və beynəlxalq təşkilatlar üçün başlıca məsələdir. Bütün dünyada gənclərin problemləri əsasən eynidir - məşğulluq, işədüzəlmə, layiqli əmək, sosial müdafiə, istirahət, əyləncə, mənzilə sahib olma, təhsilin səviyyəsi və s.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablamalarına görə, gənclər arasında qlobal işsizlik səviyyəsi 13,1 faizə çatıb və bu göstərici yaşlı əhali arasındakı işsizlikdən iki dəfə yüksəkdir. Dünya iqtisadi böhranı bir çox ölkələrin əmək bazarlarında gənclərin onsuz da mürəkkəb olan vəziyyətini bir az da gərginləşdirib.

Heç şübhəsiz, bu günün əmək sferası 50 il bundan öncə mövcud olmuş dövrdən özünün mürəkkəbliyi və dinamikliyi ilə fərqlənir. Gələcək illərin əmək sferası da böyük dəyişikliklərlə üzləşəcək. Bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 201 milyonu aşması, ekoloji və təbii resursların tükənməsi fonunda gələcəkdə dünyanın necə dəyişəcəyi barədə bir çox fikirlər səslənir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin irəli sürdüyü "Əməyin gələcəyi" təşəbbüsü və bunun ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir.

AHİK sədri deyib ki, məşğulluğun qlobal meyilləri, əmək bazarının gündən-günə rəqəmsallaşması və məşğulluğun yeni formalarının mövcudluğu, bu seqmentər üzrə əmək bazarına daxil olan gənclərin hüquqlarının qorunmasında problemləri üzə çıxarır. Texnologiyanın inkişafı, mobilləşmə həyat tərzimizi dəyişdiyi kimi, iş sahələrini və vərdişlərimizi də rəqəmsal istiqamət üzrə dəyişir. Kompüterlər və robotlar istehsalatda və xidmət sahəsində getdikcə üzərinə daha mürəkkəb vəzifələr götürür, həm də bu, iş yerlərinin azalmasına səbəb ola bilər.

S.Möhbalıyev qeyd edib ki, təşkilatçıların proqnozlarına görə, 2020-ci ilin sonuna yaxın yüksək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin sayı beş milyon azalacaq. Bu, tək müəssisələrdə çalışan işçilərə aid olmayacaq. Proses həm də ofis əməkdaşlarını, eləcə də xidmət sahəsində işləyənləri əhatə edəcək. Araşdırmalara görə, dünya əmək bazarı təxminən yeddi milyon iş yerini itirəcək, onlardan üçdə iki hissəsi  inzibati və ofis vəzifələridir. Lakin informasiya texnologiyaları üzrə mütəxəssislər bundan faydalana bilər. Süni intellekt və robotlaşdırmanın inkişafı sayəsində dünyada iki milyon yeni vakansiya yaranacaq. Növbəti dəyişikliklər qadınların məşğulluğuna da mənfi təsir edə bilər, çünki zərif cinsin nümayəndələrinin sayı elmi, mühəndis-texniki ixtisaslar arasında və riyaziyyat ilə bağlı sahələrdə xeyli azdır.

AHİK sədri deyib ki, yaxın gələcəkdə mühasib, əczaçı, sığorta agenti kimi digər peşələr sıradan çıxa bilər: "Əmək sahəsindəki miqyaslı təhlükələrdən biri də bir çox peşələrə tələbatın itməsinə  gətirib çıxaracaq. Sərbəst əmək resurslarının yenidən optimal bölüşdürülməsi məsələsi indiyə qədər görünməmiş dərəcədə aktualdır. Digər tərəfdən, texnoloji tərəqqinin sürətləndirilməsi ilə əlaqədar yeni peşələr meydana gəlir və bu gün bir çoxları qeyri-tipik, çevik və başqa məşğulluq seqmentləri üzrə kənarda çalışır.  Həmçinin işçilərin əmək və sosial təminatlarının müdafiəsi kimi məsələlər həmkarlar ittifaqları tərəfindən böyük diqqət tələb edir. Bunlar əməkçilərin müdafiəsini yaxşılaşdırmağa və əmək bazarına aid olan gələcək məsələləri proqnozlaşdırmağa imkan verəcəkdir".

S.Möhbalıyev diqqətə çatdırıb ki, Azərbaycan işsizliyin azaldılması sahəsində uğurlu təcrübəyə malikdir və gənclərin məşğulluğu üzrə BMT-nin qabaqcıl ölkələrindən biridir.

Ümummilli lider Heydər Əliyev 1996-cı ildə fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayarkən demişdi: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanaraq, onların imkanlarından maksimum istifadə edəcəyik". Həqiqətən gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb. 2007-ci il "Gənclər ili" elan edildi. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası" imzalandı. Ölkədə fəaliyyət göstərən Azərbaycan gəncliyi,  Yoxsulluğun azaldılması və davamlı inkişafı üzrə regionların sosial-iqtisadi inkişafı, Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə dövlət proqramları və digər mühüm sənədlər qəbul olunaraq  həyata keçirilir.

Azərbaycanın gənclərin məşğulluğu üzrə şəbəkəyə daxil olan ölkələrə qoşulması BMT tərəfindən müsbət qarşılanıb. Bütün bu tədbirlər ona gətirib çıxardı ki, ölkə Prezidenti cənab İlham Əliyevin təbirincə desək, hazırda "Gənclər… cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar". Ən istedadlı, bacarıqlı oğlan və qızlar dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkilir. Mədəniyyət, idman, elm sahəsində onların qarşısında geniş imkanlar açılıb. 2010-cu ildən bu günədək 360 min yeni iş yeri yaradılıb ki, bu müddətdə də işə düzələnlərin 70%-i gənc kadrlardır. Gənclər arasında işsizliyin səviyyəsi 15 faizdən 10,9 faizə enib.

AHİK sədri bildirib ki, Yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasında əsas partnyorlarımız BƏT, Dünya Bankı və BMT-nin Əhali Fondudur. Məhz bu əməkdaşlıq nəticəsində Bakıda keçirilən təlim-seminarı və tədbirlərdə ölkənin əmək bazarında baş verən vəziyyət, müşahidə olunan meyillər, əldə olunmuş nailiyyətlər və mövcud problemlər, onların həlli yolları, həmçinin növbəti illər üçün müəyyən olunmuş prioritetlər geniş müzakirə olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sosial tərəfdaş kimi bu işlərdə, dövlət məşğulluq siyasətinin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak edir.

S.Möhbalıyev deyib ki, respublika iqtisadiyyatında çevik məşğulluğun müxtəlif formaları mövcud olduğundan AHİK öz səylərini əmək qanunvericiliyindəki əsas anlayış və təyinatların dəyişdirilməsi yollarının axtarışına yönəldib: "Əhali, onun işləyən hissəsi konkret iş yerinə, işəgötürənə, iş və istirahət vaxtına, məzuniyyətə və həmkarlar ittifaqlarının sayəsində müəyyənləşdirilmiş əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının olmasına adət edib. Bu gün isə biz müşahidə edirik ki, adamlar internetdəki elanlar vasitəsilə iş tapır, virtual şəkildə muzd barədə sövdələşir və işi yerinə yetirməyə başlayır. O öz işəgötürənini görmür, ofisdə konkret iş yeri olmur. Onun yalnız bank kartı olur ki, oradakı məbləğ də işəgötürənin arzusu və istəyinə görə dəyişir. Bu gün çoxları evdə işləməyə daha çox üstünlük verir, artıq "8 saatlıq iş günü" anlayışı aktual deyil, "iş yerinin şəraiti" anlayışı da öz əhəmiyyətini itirməkdədir".

AHİK sədri bildirib ki, gənclərin böyük bir qismi həmkarlar ittifaqı sıralarında birləşir. Bu üzvlük təşkilatımızın üzərinə böyük məsuliyyət qoyur. AHİK bütün gəncləri inkişaf strategiyası çərçivəsində yeni ideyalarını ortaya qoymağa çağırıb. Gənclər siyasəti həmkarlar ittifaqı rəhbər orqanlarının (Qurultay, Məclis və İcraiyyə Komitəsi) sənədlərinə istinadən həyata keçirilir. Gənclərin təşkilatlanması istiqamətində çoxsahəli tədbirlər görülür. Bunların isə əsas icraçıları AHİK-in və sahə Hİ respublika komitələrinin nəzdində yaradılan "Gənclər şuraları"dır. "Şuralar" gənclərin Hİ-nin rəhbər orqanlarında təmsil olmalarına, müəssisə və təşkilatlarda bağlanan bütün saziş və kollektiv müqavilələrə gənc işçilərə aid müvafiq bölmə və öhdəliklərin daxil edilməsinə səy göstərirlər. Gənclərin istehsalata həm ixtisaslı kadr, həm də fəal ictimaiyyətçi kimi hazırlığı işində stimullaşdırma metodları istifadə olunur. "Bu - mənim peşəmdir", "Gənclərlə iş üzrə ən yaxşı ilk Hİ təşkilatı adı uğrunda", "Gənclərin liderlik məktəbi", "Gender bilikləri və texnologiyası məktəbi" layihələri bu qəbildəndir. Gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirılməsi məqsədilə "İlin peşəkar gənci" fəxri adı təsis edilib və 100-dən çox gənc bu ada layiq görülüb.

Həmçinin orta məktəblərdə oxuyan şagirdlərə AHİK tərəfindən adlı təqaüdlər verilir. Məqsəd onlarda həmkarlar ittifaqları və onun fəaliyyəti haqqında müəyyən təsəvvür oyatmaqdır.

S.Möhbalıyev nəzərə çatdırıb ki, gənc liderlərimizin dünya miqyaslı tədbirlərdə iştirakı ilbəil artır. Onlar müasir gənclərə xas olan problem və nailiyyətlərin müzakirəsində iştirak edir, əldə olunmuş bilik, müsbət təcrübə və texnologiyaları həmkarları ilə bölüşürlər.

Milli Məclisin deputatı həmçinin deyib ki, AHİK, sosial tərəfdaşlardan biri kimi, Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə Baş Kollektiv Saziş imzalayır: " Sazişi AHİK hazırlayır, sonra isə digər qurumlara göndərir. Bağlanmış sənəddə gənclərin məşğulluğuna təsir edən bir çox yeni, perspektiv məsələlər öz əksini tapıb və icra edilib. Təkliflərimizə əsasən, son illərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Həmkarlar ittifaqları haqqında" qanuna və digər hüquqi-normativ aktlara 100-ə yaxın əlavə və dəyişikliklər olunub.  İşsizliyin icbari sığortası  tətbiq edilib. Söhbət işin itirilməsi halında işçinin müdafiə edilməsi üçün müəyyən əlavə mexanizmdən gedir. Bu mexanizm insanın həyat səviyyəsinin kəskin surətdə aşağı düşməsinə imkan verməyəcək.  Bundan əlavə, həmkarlar ittifaqları təkid edirlər ki, işəgötürənlər işçilərin bütün əmək fəaliyyəti  boyu   yenidən öyrətmə  və ixtisas  artırma üzrə normaları mütləq olaraq kollektiv  müqaviləyə daxil etsinlər, borc ödəmə qabiliyyətsizliyi halında işçiyə əməkhaqqı kompensasiyası   mexanizmini müəyyən etsinlər. Bütün bu kompleks ölçülər işçilərin əmək bazarında vəziyyətini daha möhkəm təmin edəcəkdir".

AHİK gənclərin məşğulluq böhranı ilə mübarizəyə yönəldilmiş effektiv fəaliyyətin işlənib hazırlanmasını, əməkdaşlığın möhkəmləndirilməsini, bir sözlə, insan kapitalına daha çox sərmayə qoyulmasını məqsədəmüvafiq sayır. Hesab edirəm ki, bu toplantı müasir dövrdə gənclərin  problemlərinin həlli yollarının araşdırılması, iştirakçı ölkələrin təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq, səmərəli müzakirələrlə yadda qalacaqdır.

S.Möhbalıyev sonda bütün iştirakçıları 10 Noyabr - Ümumdünya Gənclər Günü münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra konfrans öz işini davam etdirib.

PARŞ Gənclər Komitəsinin prezidenti Tatyana Marian çıxış edərək son iki il ərzində görülən işləri diqqətə çatdırıb. Fəaliyyət planı və təşklatlanma haqqında danışıb. Qeyd edib ki, komitənin fəaliyyətinin əsas istiqaməti gənclərin məşğulluğunun təmin olunmasına yönəlib.  Hələ də davam edən dünya maliyyə-iqtisadi böhranı gənclərin ədalətli əmək uğrundakı mübarizəsinə ciddi maneçilik törədir.  İşsizliyin artması gənclərə daha çox təsir edib. Müasir şəraitdə gənclərin qarşılaşdığı problemlərin siyahısı çox genişdir: yeni iş yerlərinin azlığı, əməkhaqları, sosial problemlər və digər məsələlər. İşsiz gənclər arasında ali təhsillilər çoxluq təşkil edir. Eyni zamanda digər qrup gənclərin də işlə təminatında çətinliklər var. Sosial müdafiə sisteminin əhatə dairəsinin zəif olması, tam olmayan iş vaxtı, müvəqqəti iş yeri və az əməkhaqqı ödənilməsi, layiqli iş yeri əldə etməyin və təhsil imkanlarının aşağı olması gənclərin qeyri-formal iqtisadiyyatda çalışmalarına şərait yaradır.

Pan Avropa Regional Şurasının müşaviri Qoda Neverauskayte BHİK/PARŞ Gənclər Komitəsinin fəaliyyəti barəsində iştirakçılara məlumat verib. Bildirib ki, təşkilata 163 ölkədən 181 milyon nəfər üzv daxildir.  Beş regionda təmsil olunuruq. Əsas məqsədimiz gənclərin inkişafı, fundamental məsələlərin həllidir. Gənclər təşkilatımız iki ildən bir seçilir. Hər il müəyyən sayda tədbirlər keçirilir ki, onların əsas mövzusunu təşkilat komitəsi müəyyənləşdirir.

Sonra Q.Neverauskayte bu sahədə olan problemləri diqqətə çatdırıb. Deyib ki, qloballaşan dünyada bərabərsizliyin, yoxsulluğun, işsizliyin, sosial ədalətsizliyin dəfələrlə artması səbəbindən, milli sərhədlərə baxmayaraq, təsirimizin və birgə fəaliyyətimizin gücləndirilməsinin zəruriliyini bir daha aydın başa düşürük. Dünya işçi qüvvəsinin yalnız 7 faizi azad və müstəqil həmkarlar ittifaqlarına daxildir. Ona görə bizim birinci dərəcəli vəzifəmiz həmkarlar ittifaqı üzvlüyünün artırılmasıdır.

İclasa BHİK-in Gənclər Komitəsi, məqsədlər, siyasi gündəm mövzusunda isə canlı bağlantı ilə Brüsseldən BHİK-in departamentindən Mariya Tsirontonaki qoşulub. O, aktual məsələlər barəsində danışaraq gənclərin ittifaqlara daha çox cəlb edilməsinin vacibliyini bildirib. Söyləyib ki, tərəfimizdən hazırlanan layihələr üzv təşkilatlarımıza yüz minlərlə işçini həmkarlar ittifaqları sıralarında birləşdirməyə, habelə orqanayzinq mədəniyyətini yaratmağa kömək edib. Müxtəlif kampaniyalar çərçivəsində qeyri-formal məşğulluğa qarşı mübarizə aparmışıq.

Avropa Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Gənclər Komitəsinin üzvü Jelimir Staniç təmsil etdiyi qurumun fəaliyyəti və iş prinsiplərini diqqətə çatdırıb. Qeyd edib ki, sosial partnyorluğa əsas diqqət yetiririk. İş fəaliyyətimizdə müəyyən ölkələrin təcrübəsindən də istifadə edirik. Gənclərin məşğulluğu məsələlərinə daha çox önəm verilir.

Sonra tədbir diskussiyalarla davam edib. Burada əsas müzakirə mövzusu gənclərin işlə təminatı, məşğulluq, orqanayzinq, təşkilatlanma və sair məsələlər olub.  Eyni zamanda üzv ölkələrdə əmək bazarı, gənclərin məşğulluğu imkanları araşdırılıb, müəyyən tövsiyələr səsləndirilib.

Konfransın ikinci günündə  orqanayzinq və onun ən yaxşı təcrübələri haqqında fikir mübadiləsi aparılıb. Aleksandr Lehtman (Rusiya Əmək Konfederasiyası), Raisa Liperteliani ( Gürcüstan Həmkarlar İttifaqları Birliyi) və Tomas Yakutavic ( Litva Həmkarlar İttifaqı) təmsil etdikləri təşkilatların bu sahədə olan fəaliyyətləri haqqında danışıblar. Qeyd olunub ki, məhz aparılan maarifləndirmə və orqanayzinq nəticəsində həmkarlar ittifaqı təşkilatlarının üzvü olan işçilərin hüquqları daha yaxşı qorunub, qanun pozuntuları vaxtında aşkarlanıb və aradan qaldırılıb. Təşkil olunan müxtəlif səmərəli mübarizə formaları öz nəticəsini verib.

Tədbirdə həmçinin nəzərə çatdırılıb ki, Qriqori Qradevin xatirəsinə həsr olunmuş və onun fəaliyyətinin davam etdirilməsi  məqsədilə BHİK və AHİK  tərəfindən təqaüd təsis edilib. Bu təqaüd  Avropada mürəkkəb iqtisadi şərtlərlə əhatəli transformasiya şəraitində çalışan insanların hüquqlarının və ləyaqətinin irəliləyişinə dəstək verən elmi fəaliyyətin davam etdirilməsinə dəstək olacaq.

Müzakirələrdən sonra PARŞ-ın Gənclər Şurasının yeni tərkibi seçilib.  Pan Avropa Regional Şurasının 5-ci Gənclər Komitəsinin tərkibi aşağıdakı kimidir: Prezident Roman Zaytsev, vitse-prezidentlər  Bruno Hoxha,  Aleksandr Lehtman, Janna Abilova. Üzvlər isə Qiqa Bekauri, Qabriela Tricolici, Nuray Sül Ağbaba, Qleb Vyazovsky və Vadim Mixaylov olublar. Yeni tərkib seçildikdən sonra PARŞ Gənclər Komitəsi qərar layihəsini nəzərdən keçirərək 2018-ci ilin mart ayında İcraiyyə Komitəsinin iclasına bir sıra təklif təqdim edib.

Sonra 5-ci Gənclər Komitəsinin 2018-2019-cu illər üçün fəaliyyət planı təsdiq edilib. Qruplarda iclaslar keçirilib. Gələcək prioritetlər açıqlanıb. Həmçinin 4-cü və 5-ci Gənclər komitələrinin müştərək görüşü də təşkil olunub. 

Azər MUSTAFAYEV