“Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri” mövzusunda beynəlxalq tədbir


Baxıldı : 95

Tarix : 2018-07-06 23:45:49


Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə 4-cü təlim kursu keçirilib.

“Gənclərin məşğulluğunun təşviqi üzrə aktiv əmək bazarı siyasətləri” mövzusuna həsr olunan budəfəki kursun açılış mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son illər ölkəmizdə həyata keçirilən məşğulluq tədbirləri barədə məlumat verib. O, əhalinin səmərəli məşğulluğuna yönəldilmiş tədbirlərin gücləndirilməsinin sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olduğunu və bu sahədə dövlət məşğulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb. Nazir bildirib ki, aparılan islahatların bir istiqaməti məşğulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasında məşğulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fəaliyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da yeni imkanlar yaradıb.

Digər sahələrdə olduğu kimi, bu sahədə də BƏT tərəfindən fəal dəstəyin göstərildiyini qeyd edən nazir hazırda başlanan yeni təlim kursunun gənclərin məşğulluğunun təşviqi, bununla bağlı aktiv əmək bazarı siyasətləri üzrə əməkdaşların bilik səviyyəsinin artırılması, eləcə də ayrı-ayrı ölkələrin müvafiq sahədə təcrübələri ilə tanışlıq imkanı qazanmaları, təcrübə və fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, müsbət demoqrafik inkişafa malik olan ölkəmizdə hər il əhali təqribən 100 min nəfər artır. Bu, o deməkdir ki, hər il 100 min nəfər əmək bazarına daxil olur. Ona görə də kiçik və orta sahibkarlığın inkişafı, gənclərin iş və peşə hazırlığı məsələsi böyük aktuallıq kəsb edir. Təlim kursları sosial müdafiəyə ehtiyacı olan təbəqələrin məşğulluq problemlərinin həllində müsbət rol oynayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov müzakirə olunan məsələnin həmkarlar ittifaqları üçün də xüsusi əhəmiyyət daşıdığını bildirib. O deyib ki, həmkarlar ittifaqları üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını qoruduğundan biz dövlət məşğulluq siyasətini yaxından təqib edir, onun hazırlanmasına töhfələrimizi veririk. Həmkarlar ittifaqlarının ölkədə mövcud olan məşğulluq problemləri üzrə mövqeyi sosial tərəfdaşlarla imzaladığımız Baş Kollektiv Sazişdə də ayrıca bölmədə yer alır.

Cavanşır müəllim qeyd edib ki, məşğulluq problemlərinin həllində narahatlıq doğuran hallar da mövcuddur. Bunlar əsasən əmək bazarında təklif və tələb arasındakı uyğunsuzluq, işçilərin sahələr üzrə bölüşdürülməsində qeyri-mütənasiblik, gənclər arasında işsizliyin səviyyəsinin çoxalmasıdır. Ümumilikdə işsizlik göstəriciləri ölkəmizdə, demək olar ki, norma səviyyəsindədir.

AHİK sədrinin müavini məşğulluq sahəsində yaranmış problemlərin aradan qaldırılması yollarından da danışıb. Bu sahədə dövlət məşğulluq siyasətini həyata keçirən məşğulluq xidmətlərinin əhəmiyyətini qeyd edib və onların potensialının artırılmasının vacibliyini nəzərə çatdırıb: “Dövlət məşğulluq xidmətləri ilk növbədə professional kadr bazasına malik olmalıdır. Eyni zamanda ölkədə ümumrespublika vakansiyalar portalının yaradılması və onun işində fəallıq göstərən işəgötürənlərə müəyyən güzəştlərin verilməsi məqsədəmüfafiq olardı. Yaxşı olardı ki, bu portal kütləvi informasiya vasitələri, o cümlədən internet vasitəsilə əhaliyə çatdırılsın, sosial şəbəkələrin imkanlarından geniş istifadə edilsin. Belə olduqda bu təşkilatların xidmətindən daha çox işsiz əhali yararlana biləcək. Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində ayrı-ayrı regionlarda mövcud vakansiyalar haqqında iş yeri arzulayan qonşu regionlarda yaşayan əhalinin məlumatlandırılması məsələsi də diqqətdə saxlanmalıdır. Məşğulluq mərkəzləri qadınların, gənclərin, işləmək potensialı olan və işləmək istəyən pensiyaçıların və əlillərin işsizlik problemindən daha çox əziyyət çəkdiklərini nəzərə alaraq, onların bu xidmətin imkanlarından istifadə etməklə problemlərinin həll edilməsinə yardımçı ola bilər”.

C.Alxasov vurğulayıb ki, gənclərin məşğulluğu Azərbaycan hökuməti ilə BƏT arasında əməkdaşlığın prioritet istiqamətlərindəndir. BƏT üzv ölkələrdə bu sahədə aparılan siyasəti və həyata keçirilən proqramları diqqətlə izləyir. AHİK-in nümayəndələri tədbirlər planından irəli gələn vəzifələrlə bağlı sosial partnyorların iştirakı ilə “Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası komissiyası”nın yığıncaqlarında bir sıra məsələlərin müzakirəsində də müvafiq təkliflərlə çıxış ediblər. Hesab edirik ki, məşğulluq xidmətləri qeyri-formal sektorda çalışan işçilərin əmək hüquqlarının vaxtaşırı pozulmasını nəzərə alaraq onların formal iqtisadiyyata cəlbini diqqətdə saxlamalı, eyni zamanda özünün də səmərəli, innovativ fəaliyyətini artırmalı, imkanlarından daha geniş istifadə etməlidirlər. 

Bildiyiniz kimi, “Məşğulluq haqqında” qanuna uyğun olaraq ölkənin bütün regionlarında, həmkarlar ittifaqlarının nümayəndələri də daxil olmaqla, məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri təşkil olunub. İnanırıq ki, sosial tərəfdaşlarımızın birgə səyi ilə bu qanunda nəzərdə tutulmuş əlaqələndirmə komitəsinin respublika səviyyəsində də yaradılmasına nail olunacaqdır.

Təlim kursunun açılışında Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, ölkəmizdə səfərdə olan Litvanın sosial təminat və əmək nazirinin müavini Eqle Radisauskiene, BƏT-in baş mütəxəssisi Mixail Puşkin və BMT İnkişaf Proqramının qrup rəhbəri Corc Buma da çıxış ediblər.

BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarronun “Gənclərin məşğulluğunu dəstəkləyən makroiqtisadi yanaşma və əmək bazarı siyasətləri” mövzusunda təqdimatı olub.

Dörd gün davam edən təlim kursunun panel iclaslarında beynəlxalq və yerli mütəxəssislər tərəfindən “Məşğulluq xidməti orqanlarına ümumi baxış və əməkdaşlıq, aktiv və passiv əmək bazarı proqramları”, “Azərbaycanın məşğulluq xidməti orqanları tərəfindən icra olunan aktiv əmək bazarı proqramlarına ümumi baxış”, “Gənclərin məşğulluğunun təşviqi üzrə Məşğulluq Xidməti orqanlarının portfeli”, “Məşğulluq Xidməti orqanlarının təlim və təhsil proqramları”, “Gənclərin işə qəbulu üzrə müəssisələrin təşviqi: subsidiyalı məşğulluq”, “Özünüməşğulluğun təşviqi üzrə Azərbaycan təcrübəsi”, “Özünüməşğulluq və gənc sahibkarların dəstəklənməsində Məşğulluq Xidməti orqanlarının rolu”, “Məşğulluq Xidməti orqanlarının həssas əhali qruplarına yönəlmiş proqramları”, “Qeyri-rəsmi məşğulluqdan rəsmi məşğulluğa keçid prosesində Məşğulluq Xidməti orqanlarının iştirakı” və s. mövzularda təqdimatlar və fəaliyyət planlarının hazırlanması müzakirə olunub.

Azər MUSTAFAYEV