“Gənclərin məşğulluq problemi əsas çağırışımızdır"


Baxıldı : 228

Tarix : 2017-05-27 00:37:08


Beynəlxalq Əmək Təşkilatı (BƏT) gənclərin məşğulluğu miqyasının artırılması  məqsədilə Rusiyanın "Lukoyl" neft şirkəti ilə müqavilə imzalayıb. Hökumət binasında sazişin imzalanması üçün  təşkil olunan mərasimdə BƏT-in Baş katibi Qay Rayder, "Lukoyl"un prezidenti Vahid Ələkbərov, Rusiya Federasiyası Baş Nazirinin müavini  Olqa Qolodets, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Lyubov Eltsova, Sahibkarlar və Sənayeçilər Birliyinin  sədri vəkil Aleksandr Şokin, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov iştirak ediblər.

"MDB məkanında gənclərin  məşğulluğu üzrə tərəfdaşlıq" layihəsi çərçivəsində imzalanan sazişin əsas məqsədi gənclər üçün layiqli iş yerlərinin təmin edilməsi, davamlı tərəfdaşlıq əsasında bu bazanın genişləndirilməsidir. Layihə Rusiya, Azərbaycan, Tacikistan, Türkmənistan, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Ermənistanda yerləşən BƏT-in layiqli iş qrupu tərəfindən koordinasiya ediləcək, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiyanın seçilmiş 6 pilot rayonunda həyata keçiriləcək.

Gənclər arasında işsizliyin aradan qaldırılmasına yönələn layihə BMT-nin 2016-cı ildə qəbul etdiyi "Gənclər üçün Layiqli İş Yeri" Qlobal Təşəbbüsü ilə əlaqəli aparılacaq.

İmzalanma mərasimində çıxış edən Qay Rayder deyib ki,  gənclərin məşğulluq probleminin həlli bizim əsas çağırışımızdır: "Bu dünyada  hər bir qurumun diqqətdə saxlamalı olduğu işsizlik böhranının əsasıdır. Əldə olunan razılıq problemin həlli yönündə əla  fürsətdir".

Cavid SƏFƏROV