Gənclərin potensialından səmərəli istifadə olunur


Baxıldı : 81

Tarix : 2019-03-04 04:37:20


Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov bildirdi ki, bağlanan kollektiv müqavilələrdə gənclərin sosial-iqtisadi, hüquqi mənafelərinin qorunması, əmək şəraitinin yaxşılaşdırılması həmişə diqqət mərkəzində olmuşdur. AHİK-in V qurultayında da gənclər siyasəti ilə bağlı yerli təşkilatlar qarşısında da mühüm vəzifələr qoyulmuşdur. Gənclərin potensialından səmərəli istifadə etmək, onların yaxşı kadrlar kimi formalaşdırılması məsələlərinə geniş yer verilməlidir.

Rayon komitəsinin nəzdində və bütün ilk təşkilatlarda gənclərlə iş komissiyaları yaradılmışdır. Yüksək peşə ixtisası, iş təcrübəsi olan işçilər gənclərə hamilik işinə cəlb edilmişlər. Vaxtaşırı olaraq təşkilatlarda gənclərin problemləri, onların istirahəti, asudə vaxtlarının səmərəli təşkili ilə bağlı tədbirlər bilavasitə onların iştirakı və təşəbbüsü ilə keçirilir. Bu cür tədbirlərdə gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, işğal altında olan torpaqlarımızda ekoloji terrora diqqətin cəlb edilməsi ən mühüm müzakirə mövzusu olmuşdur. Gənclərlə iş komissiyasının sədri İsmayıl Süleymanovun hazırladığı sənədli filmlərin geniş auditoriyada təqdimatı keçirilmiş, filmlər gənclər tərəfindən rəğbətlə qarşılanmışdır.

Rayon Komitəsinin sədri daha sonra qeyd etdi ki, kollektiv müqavilələrdə ən mühüm məsələlərdən biri də gənclərin həmkarlar ittifaqlarına cəlb edilməsi, istedadlı gənclərin üzə çıxarılmasıdır. Çünki ittifaq üzvlərinin sosial-iqtisadi, hüquqi mənafelərinin qorunmasını daha yaxşı həyata keçirmək mümkün olur. Şəhər 1 və 2 saylı musiqi məktəblərində keçirilən seminar və dəyirmi masalarda gənclərin həm təhsil, həm də digər sahələrdə daha fəal iştirakı üçün əsas istiqamətlər müəyyənləşdirilmişdir.

Yeniyetmə və gənclərin istedadlarını üzə çıxarmaq məqsədilə baş tutan şeir və mahnı müsabiqələrinin qalibləri rayon komitəsi tərəfindən hədiyyələr və Fəxri fərmanlarla mükafatlandırılmışlar.

Asudə vaxtın səmərəliliyi üçün müxtəlif idman oyunlarının keçirilməsi gənclərin sağlamlığında mühüm əhəmiyyət kəsb edir. Gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq üçün rayon komitəmizin Mədəniyyət Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Rayon Gənclər və İdman İdarəsi ilə birgə keçirdiyi “Ağ ölüm qara ləkə” mövzusuna həsr olunmuş dəyirmi masada hüquq pozuntuları, narkomaniya, QİÇS-in və digər zərərli vərdişlərin profilaktikası müzakirə olunmuşdur.

AHİK-in V qurultayında və MİHİ-nin XVIII Respublika Konfransında qəbul edilmiş qərarlar gənclərlə aparılan işlərdə yeni forma və metodların tətbiq edilməsini tələb edir və rayon komitəsi öz işini bu tələblər səviyyəsində qurmağa çalışır.