Gender bərabərliyi diqqət mərkəzində


Baxıldı : 48

Tarix : 2018-11-03 05:06:04


Oktyabrın 31-də Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyə institutunda gender bərabərliyinin inkişafı” mövzusunda konfrans keçirilib.

Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov giriş sözü söylədi. Konfransın məqsədi haqqında danışarkən qeyd etdi ki, sahə həmkarlar ittifaqı təşkilatlarında gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi, onların sosial vəziyyətinin yüksəldilməsi, əmək şəraitinin yaxşılaşdırılması üçün müəyyən işlər görülüb. Respublika Komitəsində, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində, Biləsuvar rayonunda, eləcə də qadınların sayının çoxluq təşkil etdiyi təşkilatlarda gender problemi üzrə yaradılmış komissiyalar əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. O, daha sonra bildirdi ki, ilk bələdiyyə seçkilərinə nisbətən son seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olmuşdur. Bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz təşkil edib.

İttifaqın gender bərabərliyi üzrə komissiyasının sədri Jalə Tofiqqızı çıxışında 110 nəfərin birləşdiyi 22 komissiyanın fəaliyyətindən danışdı. Qeyd etdi ki, qadınlarımızın müəyyən hissəsi işsizlikdən şikayətlənir. Bunun da əsas səbəblərindən biri orta və ali təhsil almaq səviyyəsinin aşağı olmasıdır. Elə sahələr var ki, qadınlarımızın fəaliyyəti daha böyük üstünlük təşkil edir.

AHİK-in Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarova bugünkü tədbirin əhəmiyyətindən danışaraq dedi: “Həmkarlar ittifaqının tarixi hamınıza məlumdur. Bələdiyyə İnstitutu isə bizim üçün yenidir. Burada qadınların iştirakı ürəkaçandır. Bilirsiniz ki, ailə yükü, digər problemlər qadınlarımızın çiynindədir. Dövlət tərəfindən qadınlarımızın əməyinə böyük dəstək verilir. Görək biz iş yerlərində qadınlar üçün layiqli əmək şəraiti yarada bilirikmi? AHİK-in V qurultayında gender bərabərliyi məsələlərinə xüsusi əhəmiyyət verilib. Kollektiv müqavilələrdə qadınların hüquqlarının qorunması vacibliyi qeyd olunub. Beynəlxalq təşkilatların konvensiyalarında da bu məsələlər öz əksini tapıb.

AHİK-in beynəlxalq aləmdə böyük nüfuzu var. Mən Avropa Qadınlar Komitəsində respublikamızı təmsil edirəm. Müxtəlif məclislərdə çalışırıq ki, 21-ci əsrin çağırışı - 6 saatlıq iş gününə nail olaq.

İmkanlarımız çoxdur. Lakin imkanlarımız müqabilində nailiyyətlərimiz azdır. Tələsmədən problemləri dəqiqləşdirib işləyən qadınların Forumunu keçirməyi planlaşdırırıq”.

Tədbirdə həmçinin Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və “Belediyye info” saytının rəhbəri Vüqar Tofiqlinin də çıxışları dinlənildi.

Əhəd İBADOV