Gender bərabərliyi fəaliyyətimizin mühüm istiqamətidir


Baxıldı : 295

Tarix : 2018-03-02 22:59:09


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin növbəti iclası keçirildi. İclasda AHİK-in V qurultayının əsas istiqamətlərində gender bərabərliyi ilə bağlı müəyyənləşdirilmiş vəzifələrin icrasına, beynəlxalq həmkarlar ittifaqları mərkəzlərinin çağırışlarının Azərbaycanda tətbiqinə dair məsələlərinə baxılmışdır.

Tədbiri giriş sözü ilə açan Mərkəzin sədri Cəmilə Səttarova demişdir ki, qurultay gender bərabərliyini həmkarlar ittifaqı fəaliyyətinin mühüm istiqaməti olaraq dəyərləndirmişdir. AHİK-ə üzv təşkilatlara tapşırılmışdır ki, onlar öz fəaliyyətlərində gender bərabərliyi komissiyaları və qadın şuralarından, qadınların əmək bazarındakı mövqeyindən, konsepsiya və proqramlardan dövlət qurumları, beynəlxalq təşkilatlarla əlaqələrdən, kollektiv müqavilələrdən və sairədən istifadə etməlidirlər.

Qadınların hüquqlarının genişləndirilməsi məqsədilə zərif cinsin nümayəndələrinin həmkarlar ittifaqı üzvlüyünə mane olan halların aradan qaldırılmasına və digər problemlərin həllinə var qüvvəsini sərf etsin. Mərkəzdə qarşıya qoyulan bu vəzifələrin uğurla həyata keçirilməsi üçün ciddi işlər aparılır. Üzv təşkilatlarla əlaqəli şəkildə proqram sənəd hazırlanır.

Cəmilə xanım beynəlxalq həmkarlar ittifaqları ilə qadın problemləri üzrə əlaqəli fəaliyyətdən də danışdı. Dedi ki, biz bu mövzuda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının çağırışlarına qoşulmuşuq.

C.Səttarova tədbir iştirakçılarına fevralın 21-22-də BHİK-in Qadın Komitəsinin Brüsseldə keçirilmiş iclasında iştirakı barədə də məlumat verdi: “Mən orada çıxışımda Xocalı soyqırımına geniş yer ayırdım. Diqqətlərinə çatdırdım ki, burada qadınların hüquqlarının təminatı məsələləri ətrafında narahatlıqla söz açılır. Bu, vacibdir. Amma daha vacib problemlər var ki, onun barəsində susuruq. Bu da regional, başqa sözlə, lokal münaqişələr, müharibələrdir. Bu müharibələrdə nə qədər qadın və uşaq məhv olur, tifaqlar dağılır.

Mən 1992-ci ildə Xocalıda erməni quldurlarının törətdiyi vəhşiliyi misal gətirdim. Həmin soyqırımı barədə həmkarlarıma ətraflı məlumat verdim”.

İclasın gündəliyində duran məsələyə digər iştirakçılar da münasibət bildirdilər.