“Gender bərabərliyi, sosial-məişət problemlərinin həlli yolları" mövzusunda müzakirələr aparıldı


Baxıldı : 35

Tarix : 2017-11-04 04:30:31


Oktyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Xətai rayonunda yerləşən inzibati binasında "Gender bərabərliyi, sosial-məişət problemlərinin həlli yolları" mövzusunda yığıncaq keçirilmişdir.

FHN İşçilərinin Həmkarlar İttifaqının (İHİ) təşkilatçılığı ilə baş tutan tədbirdə zərif cinsin nümayəndələrinin cəmiyyətimizin daha fəal təbəqəsinə çevrilməsi üçün dövlətimizin, ictimai təşkilatların üzərinə düşən vəzifələrdən danışıldı. FHN İHİ-nin sədr müavini Afət Xanbabayeva giriş nitqində diqqəti daha çox nazirliyin xanım işçilərinə göstərilən diqqətdən söz açdı. Dedi ki, nazirliyin aparatında, idarə və müəssisələrində çalışan qadınların səmərəli və problemsiz fəaliyyət göstərməsi üçün imkan daxilində şərait yaradılmışdır. Rəhbərliklə həmkarlar ittifaqları arasında bağlanan kollektiv müqavilələrdə gender bərabərliyinə dair xüsusi bölmələr var. Bu sənəddə götürülən öhdəliklərin icrası daimi nəzarətdə saxlanılır.

İttifaqımızın nəzdində yaradılmış gender məsələləri üzrə komissiya xanım işçilərin iş yerlərinin vəziyyətini, sosial, məişət problemlərini öyrənmək məqsədilə reydlər keçirir, müşahidə olunan problemlərin dərhal həllinə çalışır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanova çıxış edərək cəmiyyətdə qadınların yeri, tutduqları mövqe, onları narahat edən məsələlər barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür.

Sonda nazirliyin həmkarlar ittifaqı qurumlarında çalışan bir qrup fəal qadın əməkdaşa qiymətli hədiyyələr təqdim edilmişdir.

B.RZAYEV