Gender bərabərliyinə əməl olunmur


Baxıldı : 74

Tarix : 2018-09-08 03:06:30


Yeni Zelandiyada Ədliyyə Nazirliyinin 2 minə yaxın həmkarlar ittifaqı üzvü olan qadın işçilərin maaşlarının artırılması ilə bağlı tələb müsbət cavablandırılmadığı üçün sentyabrın sonunda tətil edəcəkləri açıqlanıb.

Sosial Xidmət Birliyi məhkəmədə qeydiyyatçıların, məsləhətçilərin və digər qadın ədliyyə orqanı işçilərinin ilk olaraq 19 sentyabrda 2 saatlıq tətil edəcəklərini bildirib. Birliyin katibi Erin Polaczuk açıqlama zamanı deyib ki, üzvlərimiz ağır iş rejimi ilə çalışırlar: “Gördükləri iş qurum etibarilə son dərəcə önəmlidir və adil şəkildə dəyərləndirilməlidir. Ədliyyə Nazirliyində çalışan qadınlar kişilərə nisbətən 15 faiz daha az maaş alır. Bundan başqa, kişi işçilərin sayı qadınlara nisbətən 12 faiz çoxdur. Bunlar gender bərabərsizliyinin göstəricisidir. Nazirlikdə maaşların təyinatı ilə bağlı gender bərabərliyinə əməl olunması tələbimiz müzakirəyə çıxarılsa da, qəbul edilmədi. Maaş artımı tələb etdiyimiz işçilər elə də yüksək məvacib alanlar deyil. Belə ki, sosial xidmət sektorunda Ədliyyə Nazirliyinin bəzi işçiləri ən aşağı maaş alan 3 qrupdan biridir”.

Ədliyyə Nazirliyindən verilən açıqlamada Birliyin tələbinin hələ müzakirə və araşdırma mərhələsində olduğu bildirilib və yaxın zamanda məsələ ilə bağlı tərəflər arasında danışıqlar aparılacağı deyilib.

 

Cavid Səfərov