“Gender (kişi və qadın) bərabərliyinin təminatları” haqqında qanunda işəgötürənin əmək fəaliyyəti sahəsində vəzifələri müəyyən edilibmi? Bunlar Əmək Məcəlləsində öz əksini tapıbmı?


Baxıldı : 776

Tarix : 2018-03-02 21:47:57


“Gender (kişi və qadın) bərabərliyinin təminatları” haqqında qanunda işəgötürənin əmək fəaliyyəti sahəsində vəzifələri müəyyən edilibmi? Bunlar Əmək Məcəlləsində öz əksini tapıbmı?

 

Sevil ƏLİYEVA,

Bakı şəhəri.

 

- “Gender

 bərabərliyi haqqında” Qanunun 7-ci maddəsinə (Əmək fəaliyyətində işəgötürənin vəzifələri) əsasən, işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. Qanuna əsasən, işəgötürən bu sahədə aşağıdakı vəzifələrə malikdir:

- işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq (maddə 7.2.1.);

- cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq (maddə 7.2.2.);

- cinsindən asılı olmayaraq eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək (maddə 7.2.3);

- adıçəkilən Qanunun 9-cu və 10-cu maddələrinin tələblərini yerinə yetirmək (maddə 7.2.4.); Yəni:

1. Əməyin ödənilməsində bərabərlik:

a) cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir (maddə 9.1.);

b) Əməkhaqqı, mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər müxtəlif olduqda, işçinin tələbi ilə işəgötürən əməkhaqqındakı fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını əsaslandırmalıdır (9.2.).

2. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi əks etdirən elan:

a) işə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, iş axtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir (maddə 10.1.);

b) aldadıcı məzmunlu, kişi və qadınların hüquq bərabərliyi prinsipinə zidd olan elanların dərc edilməsi qadağandır (maddə 10.2);

ç) yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir (maddə 10.3.);

c) yuxarıda (maddə 10.3.) göstərilən elanların dərc edilməsinə yalnız o halda yol verilir ki, əmək funksiyalarının xüsusiyyətlərinə görə, işçinin cinsi müəyyən edici şərt olsun və ya Əmək Məcəlləsinə (ƏM) uyğun olaraq, həmin işlərə qadın əməyinin tətbiqi qadağan edilsin (maddə 10.4.);

- cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək (maddə 7.2.5.).

Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları (ƏM, maddə 11) və bu sahədə əsas vəzifələri və məsuliyyəti (ƏM, maddə 12) müəyyənləşdirilmişdir. Lakin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun tətbiqi ilə əlaqədar ƏM-in bir sıra maddələrinə, o cümlədən işəgötürənin vəzifələrini və məsuliyyətini müəyyən edən 12-ci maddəyə də bu Qanunun tələblərinə uyğun olaraq dəyişiklik və əlavələr edildi.

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi necə bağlanır, müqavilənin müddəti olurmu?

 

Səmayə DADAŞOVA,

Yevlax şəhəri

 

- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanunun 11-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. İcbari sığorta müqaviləsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsinə uyğun olaraq elektron sənəd formasında informasiya sistemi vasitəsilə bağlanılır.  İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır.

Onu da qeyd etmək lazımdır ki,Qanunun 11.4.maddəsinə əsasən, icbari sığorta müqaviləsi sığorta olunanın və ya faydalanan şəxsin vəziyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunla müəyyən olunmuş şərtlərlə müqayisədə pisləşdirirsə, sığortaçı sığorta olunan və ya faydalanan şəxs qarşısında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunla müəyyən olunmuş sığorta təminatı həcmində öhdəlik daşıyır.

 

İxtirarın, faydalı modelin və sənaye nümunəsinin yaradılmasında bir neçə şəxs iştirak edə bilərmi?

Aysel MƏMMƏDOVA,

Bakı şəhəri.

 

İxtiranı, faydalı modeli və sənaye nümunəsini yaradıcı əməyi ilə yaradan şəxs müəllif sayılır.

İxtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında bir neçə fiziki şəxs iştirak etdikdə onların hamısı müəllif sayılır.

Müəlliflərə məxsus olan hüquqlardan istifadə qaydası onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir.

İxtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında şəxsən yaradıcı əməyi olmayan, müəllifə (müəlliflərə) yalnız texniki, təşkilati və ya maddi yardım etmiş, yaxud ixtira, faydalı model və sənaye nümunəsi üzərində hüquqların rəsmiləşdirilməsinə və ondan istifadəyə kömək göstərmiş fiziki şəxslər müəllif sayılmır.

Müəlliflik hüququ özgəninkiləşdirilməyən şəxsi hüquqdur və müddətsiz qorunur.

Müəlliflə iddiaçı və yaxud patent sahibi (işəgötürən olmayan) arasında ixtira, faydalı model və sənaye nümunəsinin istifadəsi ilə əlaqədar münasibətlər onların bağladıqları müqavilə ilə tənzimlənir.

İxtira, faydalı model və sənaye nümunələrinin istifadəsi ilə bağlı onların arasındakı mübahisələrə məhkəmə qaydasında baxılır.

 

Bankdan kredit almaq üçün işlədiyim müəssisədən arayış istədim. Bildirdilər ki, arayış 6 ay işlədikdən sonra verilir. Stajın az olduğuna görə, sənə bankdan da pul verməyəcəklər.  Bu düzgündürmü?

 

Vüsal MƏMMƏDOV,                                                               

Gəncə şəhəri.

 

 - Əmək Məcəlləsinin 88-ci maddəsinə əsasən, işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur.

Qeyd olunanlardan da aydın olur ki, müəssisə tərəfindən işçinin tələbi ilə arayış və digər məlumatların verilməsi mütləqdir. 

Belə ki, müəssisədə nə qədər müddət çalışmağınızdan asılı olmayaraq, tələb olunan arayış rəhbərlik tərəfindən Sizə verilməli idi. Çünki arayışın konkret nə qədər müddət çalışdıqdan sonra verilməsi qanunvericilikdə qeyd olunmayıb.

Həmçinin bankdan pulun neçə il əmək stajı olduqda verilib - verilməməsi birbaşa bankın öz daxili təlimatına uyğun olaraq müəyyənləşdirilir. Çalışdığınız müəssisənin əməkdaşlarının buna dair fikir söyləməsi hüquqi baxımdan yanlışdır.