“Generaliza olunmuş idiopatik epilepsiya və epileptik sindromlar


Baxıldı : 125

Tarix : 2018-07-28 04:44:35


“Generaliza olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Generaliza olunmuş idiopotik epilepsiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Epilepsiya nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış pozuntusu ilə tez-tez baş verən dekompensasiyalar” diaqnozu ilə ikinci dərəcəli əlilin rayon təhsil şöbəsində dövlət qulluğunda və ya məktəb və şagirdlərlə əlaqəli digər hər hansı bir məsul vəzifədə işləməsinə icazə verilirmi?

Şirvan BABAYEV,  Bakı şəhəri.

- Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ-hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən, dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir.

Qanunun 21-ci maddəsinə əsasən, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv (əlilliyin növündən, formasından və ağırlıq dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyi) təmin edilməsi və müyəssər (iş, təhsil, səhiyyə və digər sosial mühitin, ictimai, nəqliyyat və kommersiya infrastrukturunun əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğunluğu) iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır.

Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılması qadağandır.

Bildiririk ki, adıçəkilən Qanunun 21.3. maddəsinə əsasən, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkilməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir.

Əlilliyi olan şəxslər çalışdıqları müəssisələrdə iş yerlərinin standartları nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar. Bu  qəbildən olan şəxslərin çalışması üçün idarə, müəssisə və təşkilatlarda xüsusi şərait yaradılır.

Eyni zamanda, Qanuna əsasən, işəgötürənlər əlilliyi olan şəxsləri sağlam, təhlükəsiz və tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı üçün fərdi reabilitasiya proqramına uyğun əmək şəraiti ilə təmin edir, əmək qabiliyyətinin bərpa olunması, iş yerində əlilliyin qarşısının alınması üçün tədbirlər həyata keçirirlər.

Lakin siz konkret qiaqnoz göstərməklə II qrup əlil şəxsin rayon təhsil şöbəsində dövlət qulluğunda və ya məktəbdə, şagirdlərlə əlaqəli digər hər hansı bir məsul vəzifədə işləməyinə icazə verildiyini bilmək istəyirsiniz.

Nəzərinizə çatdırırıq ki, əlillərin qeyd etdiyiniz sahələrdə hər hansı bir diaqnozla işləyə bilməsi də adıçəkilən Qanunla, “Psixiatriya yardımı haqqında” qanunla və əlillərlə bağlı digər normativ-hüquqi aktlarla tənzimlənir.

Psixi pozuntulu şəxslərin hüquqları Konstitusiyaya və digər qanunvericilik aktlarına müvafiq olaraq 3 halda məhdudlaşdırıla bilər. Bunlardan biri də Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixində təsdiq etdiyi 23 və 24 nömrəli qərarlardır. 23 nömrəli qərarla “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı”, 24 nömrəli qərarla isə “Psixi pozuntu nəticəsində şəxsin ayrı-ayrı peşə növlərində və  yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətinin yerinə yetirilməsi üçün yararsız hesab edilməsinə əsas verən psixiatriya əks-göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Birinci Siyahıda “Tədris-tərbiyə müəssisələrində olan bütün işlər” və “Məktəbəqədər uşaq müəssisələrində olan bütün işlər” də qeyd edilmiş, ikinci Siyahıda isə psixi pozuntu nəticəsində şəxsin ayrı-ayrı peşə növlərində və  yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətinin yerinə yetirilməsi üçün yararsız hesab edilməsinə “Epilepsiya şəxsiyyət dəyişiklikləri ilə” psixiatriya əks-göstəricisi də salınmışdır.

“Psixiatriya yardımı haqqında” qanunun 9-cu maddəsinə (Ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin məhdudlaşdırılması) əsasən, psixi pozuntu nəticəsində şəxs ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin yerinə yetirilməsində müvəqqəti (iki il müddətindən çox olmayaraq və təkrar müayinədən keçmək hüququ ilə) yararsız hesab edilə bilər. Bu barədə qərarı şəxsin psixi vəziyyətinin qiymətləndirilməsi əsasında müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən təsdiq olunan psixiatriya əks-göstəricilərin siyahısına uyğun olaraq tibbi-sosial ekspert komissiyası qəbul edir. Həmin qərardan məhkəməyə şikayət edilə bilər.

Bu məsələ ilə əlaqədar daha ətraflı məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

 

 

3-cü qrup əliləm. İşləyirəm.Əmək məzuniyyətimin vaxtıdır. Bilmək istəyirəm, mənə neçə gün məzuniyyət düşür? 3-cü qrup əlillərə staja görə də əlavə məzuniyyət düşürmü?

 

Elmira MURADOVA,

Sumqayıt şəhəri.

-Əmək Məcəlləsinin 119-cu maddəsində fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləri müəyyən edilmişdir.

Həmin maddəyə əsasən, əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq, işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Əlillərə staja görə əlavə məzuniyyət verilmir.

 

 

Mənim hələ 18 yaşım olmayıb. İşləyirəm. Məzuniyyətə çıxmalıyam. Bilmək istəyirəm, mənə neçə gün məzuniyyət düşür?

 

Ramiz İSMAYILOV,

Bakı şəhəri.

-Yaşını dəqiq göstərmədiyinə görə, sənin məzuniyyət müddətinin 35, yaxud 42 gün olmasını deyə bilmirik. Ancaq məlumun olsun ki, qanunvericiliyə əsasən, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti - 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.