“Genosid” qurbanları anıldı


Baxıldı : 367

Tarix : 2018-03-02 23:16:42


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan prorektor Sirac Məmmədov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər.

Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov çıxış edərək soyqırımın nəticəsində, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc sakinin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini itirdiyini, 130 uşağın isə valideynlərindən birini itirdiyini, soyqırımı günü 1275 xocalılının əsir, 150 xocalılının itkin düşdüyünü ürəkağrısı ilə diqqətə çatdırıb. Deyib ki, gənclərimiz bu soyqırımın bütün dünyaya tanıdılması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Daha sonra çıxış edən Binəqədi Rayon YAP Gənclər Birliyinin sədri Fəsli Nəbiyev deyib ki, xalqımızın bir daha belə qanlı faciələri yaşamaması üçün böyüməkdə olan nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması zəruridir.

Akademiyanın tarix müəllimi Vahid İsmayılov Xocalı faciəsi barədə məruzə ilə çıxış etmişdir. Tədbir iştirakçılarına Xocalı qətliamından bəhs edən film təqdim olunmuşdur.

 

Mahmud MAHMUDOV,

AƏSMA-nın əməkdaşı