Girov mexanizmi sadələşdiriləcək


Baxıldı : 370

Tarix : 2015-02-07 13:38:00


Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda daşınan əmlakın kreditləşməsində yeni meyarların tətbiq olunması ilə bağlı hökumətə müraciət edib. Məqsəd mənzil bazarına kreditləşməni təşviq etmək, insanların bu sahəyə olan ehtiyaclarının ödənilməsini təmin etməkdir. Hazırda ölkəmizin mənzil bazarında kreditləşmənin həyata keçirilməsində ciddi problemlərin olmasını nəzərə alan korporasiyanın ekspertləri hesab edirlər ki, alıcı-satıcı-kredit təşkilatları arasında etibarlı əlaqəni təmin edən mexanizm yaradılmalıdır. Xüsusilə də maliyyə təşkilatlarından alınan kreditlər üçün tələb olunan girovun növlərinin genişləndirilməsinə ehtiyac var. BMK hesab edir ki, banklar və maliyyə təşkilatları vətəndaşlara kredit verərkən daha çox girov predmeti kimi daşınmaz əmlakı tələb edir və bu bir çox hallarda kreditləşmənin uğurla başa çatmasına mane olur. Ona görə də girov olaraq maşın, avadanlıq, mal-məhsul ehtiyatları, dövriyyədəki mallar, həmçinin debitor borclar kimi daşınan əmlakların qəbul edilməsi vacibdir. Həmin girov predmetləri əksər ölkələrdə kredit alan zaman girov kimi qəbul edildiyindən bu təcrübənin Azərbaycanda da tətbiqi mümkün sayılır. Bu mexanizmin işə düşməsi daşınan əmlaka əsaslanan kreditləşmə və kreditləşmənin həcminin artmasının ölkə iqtisadiyyatında kiçik və orta sahibkarların maliyyə resurslarına, bank portfelinin həcminin böyüməsinə birbaşa təsir edəcək. BMK ilə bu layihədə birgə iştirak edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev bildirib ki, ölkəmizdə vətəndaşlara verilən kreditlər əsasən daşınmaz əmlak üzərindən həyata keçirilir. Bu isə müəyyən problemlər yaradır. Bu gün Azərbaycan bazarında müştərilərə verilən kreditlər əsasən daşınmaz əmlak formasında təqdim olunan girovla təmin edilir və bu, maliyyə sektorunun bu seqmentinin inkişafında müəyyən problemlər yaradır. BMK ilə bu sahədə əməkdaşlığa başlaması mövcud problemləri aradan qaldırmağa dəstək verəcək.ELBRUS