Gözlənilən dünya iqtisadi böhranının ölkəmizə təsiri olacaqmı?


Baxıldı : 433

Tarix : 2020-09-11 16:22:46


Mütəxəssislərin dediyinə görə, pandemiyanın ikinci dalğasının başlaması ilə əlaqədar dünyanı ağır iqtisadi böhran gözləyir. Qlobal iqtisadi böhranın Azərbaycana təsirləri haqqında suallarımızı cavablandıran millət vəkili Vüqar Bayramov dedi ki, qlobal iqtisadi böhranın davam etməsi heç bir ölkədən, o cümlədən Azərbaycandan fəsadsız ötüşə bilməz: “Böhranın Azərbaycana təsirləri həm də neft bazarındaki dəyişkənliyin  yüksək olması formasında öz əksini tapır. Böhran zamanı neftə tələb azalır və təbii ki, qiymət aşağı düşür. Bu da ölkəyə daxil olan valyutanın həcmini azalda bilər. Pandemiya zamanı qlobal böhran yarananda ölkələrin yenidən sərhədlərini bağlaması həm turizm, həm ticari əlaqələrin genişləndirilməsi baxımından arzuolunan deyil. Pandemiya Azərbaycanın qeyri-neft sektoruna da öz təsirini göstərir. Bu təsir istehsalla bağlı deyil, bizim mal ixrac etdiymiz ölkələrdə tələblərin azalması və sərhədlərin bağlanması fonunda əlaqələrin nisbətən məhdudlaşdırılması ilə bağlıdır. Növbəti dövrlərdə düşünürəm ki, fərqli sektorlarda yeni standartların tətbiq edilməsi çox vacibdir”.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyata zəif inteqrasiya olunmuşdur. Buna görə də pandemiyanın Azərbaycan iqtisadiyyatına daxili təsirləri qismən zəif olur. İnkişaf etmiş iqtisadiyyatlarda 9,10,15 faizli kiçilmə baş verdiyi halda, Azərbaycan iqtisadiyyatında müvafiq göstəricilər 2.8 faizdir.

Lakin enerji qiymətlərinin və neftin dəyərinin ucuzlaşması birbaşa iqtisadiyyata, valyuta bazarlarında strateji ehtiyatların, həmçinin Neft Fondunun aktivlərinin həcminə təsir göstərir. Bu istiqamətdə pandemiyanın 2-ci dalğası zamanı hökumətin necə davranması məsələsi vacibdir. Ümumdünya Səhiyyə Təşkilatı təklif edir ki, hərəkətin məhdudlaşdırılması haqqında qərar qəbul edilməsin. Buna baxmayaraq, dünya dövlətləri, o cümlədən Azərbaycan bu məsələyə daha ehtiyatla yanaşır. 2-ci dalğanın başlaması zamanı sərt karantin qaydaları yenidən tətbiq ediləcəkmi? İstehsalatlar, nəqliyyat, turizm, iaşə və digər sektorlar fəaliyyətini nə vaxta qədər davam etdirəcək? Bütün suallara cavab tapdıqdan sonra qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirlərini qiymətləndirmək olar.

Hətta sərt karantinin tətbiqi haqqında qərarların qəbul edilməsi dünya səviyyəsində bir sıra məhsulların istehsalında, tədarükündə fasilələrin yaranmasına, beləliklə, qiymətlərin artmasına gətirib çıxara bilər. Bu isə idxaldan asılı Azərbaycan üçün inflyasiya riski yaradır. 2-ci dalğa Azərbaycan iqtisadiyyatında yaranan çətin vəziyyətin dərinliyini artıra bilər.

Proqnozlara görə, il ərzində ölkə iqtisadiyyatının 5-7.5 faizə qədər azalacağı gözlənilir. 2-ci dalğanın miqyasından asılı olmayaraq iqtisadiyyatda geriləmə tempi daha da dərinləşərək 10-12 faizə qədər yüksələ bilər.

Ekspert təklif etdi ki, liberal iqtisadi bilik formalaşmalıdır. Azərbaycan xarici iqtisadi bloklarda təmsil olunmalıdır. Yerli idarəetmə institutlarının inkişafı istiqamətində mövqe ortaya qoyulmalıdır.

 

Gülöyşə MƏMMƏDLİ