Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis konfransı keçirilib


Baxıldı : 98

Tarix : 2018-09-15 02:48:34


Sentyabrın 11-də Dövlət Gömrük Komitəsində (DGK) Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis konfransı və ilk məclisi keçirilib. Tədbirdə DGK-nın sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirak ediblər.

Konfrans dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Konfransı AHİK sədri, millət vəkili Səttar Möhbalıyev açıq elan edib. Reqlamentə uyğun olaraq, konfransın gündəliyi təsdiq edilərək Rəyasət Heyəti, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və üzvləri seçilib.

Daha sonra gündəlikdəki  məsələlərin müzakirəsinə başlanılıb.

Konfrans iştirakçıları Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis olunması, nizamnaməsinin qəbulu, Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin AHİK üzvlüyünə daxil edilməsi məsələlərini müzakirə edərək lehinə səs veriblər.

Daha sonra təşkilati məsələlər müzakirə olunub və Səfər İbrahimov Birliyin sədri seçilib, eyni zamanda 5 nəfərdən ibarət təftiş komissiyasının tərkibi təsdiqlənib. S.İbrahimov ona göstərilən etimada görə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə və DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevə, konfrans nümayəndələrinə minnətdarlığını bildirib.

Konfrans yekunlaşdıqdan sonra Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin ilk məclisi də keçirilib. 7 nəfərdən ibarət icraiyyə komitəsinin tərkibi seçilib.

AHİK sədri Səttar Möhbalıyev çıxış edərək Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin təsis edilməsini mühüm hadisə kimi qiymətləndirib və təşkilatın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması üçün Konfederasiya tərəfindən daim dəstək göstəriləcəyini bildirib. O, həmkarlar ittifaqı təşkilatını yaratmaqda məqsədin, komitə rəhbərliyi ilə işgüzar münasibətlər qurmaqla, işçilərin sosial-iqtisadi problemlərinin həllinə, onların əməyinin və sağlamlığının mühafizəsinə, istirahətlərinin təşkilinə kömək göstərmək olduğunu söyləyib. Həmkarlar ittifaqı təşkilatının həm də həmrəylik təşkilatı olduğunu nəzərə çatdırıb.

Konfederasiyanın sədri həmçinin ölkəmizdə həmkarlar ittifaqlarının işçilərin sosial-iqtisadi problemlərinin həlli istiqamətində gördükləri işlərdən də danışıb.

Konfransda çıxış edən DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev gömrük xidmətinin, gömrük işçilərinin daim Prezident İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu, onların iş şəraitinin yaxşılaşdırılması, sosial-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığını bildirib.

Komitə sədri Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin yaradılmasını da bu istiqamətdə aparılan mütərəqqi fəaliyyətlərdən biri kimi qiymətləndirib. Gömrük işçilərinin sosial məsələlərinin həllində  birliyin mühüm rol oynayacağına əminliyini ifadə edib.

Azər MUSTAFAYEV