Görüş maraqlı məqamlarla yadda qaldı


Baxıldı : 134

Tarix : 2018-06-30 04:32:51


İyunun 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kollektivi “N” saylı hərbi hissədə olmuşdur. İdarənin həmkarlar ittifaqının dəstəyi ilə reallaşan görüş maraqlı məqamlarla yadda qalıb. Görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxış edib. (Material çapa imzalanan gün Məhəbbət xanımın təhsil nazirinin müavini vəzifəsinə təyinatı barədə sərəncam verildi. Bu münasibətlə M.Vəliyevanı qəzetimizin kollektivi adından təbrik edirik). Şanlı ordumuzun keçdiyi tarixi yol barədə qısa məlumat verib. Deyib ki, əsası 1918-ci ildə qoyulmuş ordu quruculuğu ötən əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daha yüksək vüsətlə aparılmışdır. Həmin dövrdə gənc müstəqil respublika, iqtisadi çətinliklərə baxmayaraq, öz silahlı qüvvələrini yaratmağı, işğalçılara müqavimət göstərə bilmək səviyyəsinə çatdırmağı bacardı. Əlbəttə, bu prosesin  təşəbbüskarı, təşkilatçısı ümummilli lider Heydər Əliyev oldu. Həm daxildən, həm də xaricdən ordu quruculuğumuza göstərilən müqavimətləri dövlətimiz onun fədakarlığı, prinsipiallığı və siyasi fenomeni sayəsində aşıb keçə bildi.

Heydər Əliyevin xalqımıza ən böyük xidmətlərindən biri də o oldu ki, özünə layiqli davamçı yetişdirdi. Onun başladığı əzəmətli işləri Respublika Prezidenti cənab İlham Əliyev uğurla, yaradıcılıqla, müasir dünyanın mürəkkəbliyini nəzərə almaqla, başqa sözlə, zərgər dəqiqliyi ilə davam və inkişaf etdirdi. Onun Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrin döyüş qabiliyyətinin hansı həddə olduğunu sübut etməyə ehtiyac yoxdur. Sadəcə, son illərdə, elə son günlərdə ordumuzun keçirdiyi uğurlu əməliyyatlara nəzər salmaq kifayətdir. Ermənilərin miflərinə son qoyan məşhur Aprel döyüşləri, Şərur rayonunda 11 min hektar ərazinin dəqiq hərbi əməliyyatla geri alınması ordumuzun qüdrətindən xəbər verir.

Müdafiə Nazirliyinin nümayəndəsi, mayor Ramin Məşədiyev görüşə gəldiklərinə görə paytaxtın təhsil işçilərinə təşəkkür etdi. Bildirdi ki, Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün tapşırıqları yerinə yetirmək iqtidarındadır. Ordunun bugünkü səviyyəyə yüksəlməsi Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub.

Sonra paytaxt məktəblilərinin əsgərlərə ünvanladıqları məktublar təqdim olundu.

Görüşdə həmçinin viktorina keçirildi. Əsgərlərə hərb tariximizə dair suallar verildi. Qaliblər BŞTİ tərəfindən hədiyyələrlə mükafatlandırıldı.

Hərbi hissənin kitabxanasına kitablar hədiyyə edildi.

Sonda qonaqlar hərbi hissədə yaradılan şəraitlə tanış oldular, əsgərlərlə xatirə şəkli çəkdirdilər.